“Univision” qalibinin qazanacağı məbləğ bəlli oldu

10 May 2012 17:47 (UTC+04:00)

Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında 17 tarixində Heydər Əliyev adına Sarayda keçiriləcək "Univision" mahnı müsabiqəsinin qalibinin qazanacağı məbləğ bəlli olub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 1-ci yerin qalibinə "Univision" layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim ediləcək. Bundan əlavə qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin (Azırbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı) fəaliyyətinə geniş şəkildə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Digər qaliblər üçün də hədiyyələr müəyyən edilib. Qeyd edək ki, müsabiqənin yarımfinalı 15 may tarixində olacaq.


Müsabiqədə qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq deviz "Birinci ol" adlandırılıb. Hazırda "Univision" mahnı müsabiqəsinin iştirakçıları əməkdar artist Tünzalə Ağayevanın studiyasında müğınnini rəhbərliyi altında məşqlər keçirlər. Bununla yanaşı layihəyə tanınmış stilist və imicmeykerlər də cəlb olunub.


Qeyd edək ki, "Univision" mahnı yarışması Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə həyata keçirilir.Gələcəkdə bu musiqi yarışmasına xarici ölkələrdən olan universitetlərin də cəlb olunması istiqamətində işlər görülür.


"Univision" tələbə mahnı yarışmasına Azərbaycanın 26 universitetindən tələbələr qatılacaq. İki mərhələdə keçiriləcək yarışmanın finalına 10 universitet vəsiqə qazanacaq. Qaliblərə yarışmanın və ittifaqın siması olmaqla bərabər, mükafat da veriləcək. Müsabiqənin münsiflər heyəti gizli tərkibdən təşkil olunacaq ki, burada təmsil ediləcək şəxslərin kimliyi açıqlanmayacaq. Səsvermə gizli tələbə şuraları tərəfindən gerçəkləşəcək. Müsabiqə canlı olaraq "Muz TV" vasitəsi ilə yayımlanacaq. Müsabiqənin təşkilatçılarından biri "Qızıl qala" productiondur.