Gənc müğənni: “Sənin gülüşün bəstədir”-FOTO

10 May 2012 15:29 (UTC+04:00)

"Xalq ulduzu" müsabiqəsinin iştirakçısı, gənc müğənni Emil Məmmədov milli ifaçılıq sənətinin gözəlliklərinin və milli mədəniyyətimizin layiqincə təbliği yönündə çalışır. Bu barədə SİA-ya "N.O Media Production"nun təsisçisi və rəhbəri Orxan Nəsirli məlumat verib. Orxan bildirib ki, o, rəhbəri olduğu şirkət adından E.Məmmədov ilə müqavilə bağlayıb və onun yaradıcılıq işlərinin sistematik idarə olunmasına çalışacaq: "Emil Məmmədovla əməkdaşlığımız son aylara təsadüf edir. Aydındır ki, "Xalq ulduzu" müsabiqəsi bitdikdən sonra müəyyən səbəblərdən Emil belə desək, maliyyə baxımından telekanallara üz tuta bilməyib. Bundan sonra Emil bizə öz yaradıcılıq işləri ilə bağlı məlumat verib və biz onun hər bir işlərini səliqə-səhmana salıb, işə başlamaq zamanın yetişdiyini hesab etdik. O, bizimlə müqavilə bağlayıb və hal-hazırda mən və mənim ətrafımda çalışan komanda düşünür ki, Emil Azərbaycan incəsənətində özünə layiqli bir yer tutacaq. Emilin və bizim başlıca məqsədimiz ondan ibarətdir ki, telekanallarda əsasən canlı ifa sərgiləməklə milli ifaçılıq sənətinin gözəlliklərini və milli mədəniyyətimizi layiqincə təbliğ edək", - E.Nəsirli dedi.

E.Nəsirli onu da qeyd etdi ki, hazırda müğənni E.Məmmədov yeni mahnılar üzərində çalışır və yaxın günlər həmin mahnını dinləyicilərin ixtiyarına verəcəklər: "Hal-hazırda Emil üzərində çalışdığımız sözləri tanınmış şair və xeyriyyəçi Gülağa Tənhaya, musiqisi İlhamə Adilqızına aid olan "Sənin gülüşün bəstədir" adlı mahnını ifa edəcək. Hələlik vətənpərvər ruhunda yazılan şeirlərə nəzər yetirməkdəyik".

Qeyd edək ki, Emil Elman oğlu Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olub. O, 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsinə daxil olub və təhsil aldığı müddətdə respublikanın əməkdar artisti Telman Əliyevdən vokal üzrə, müəlliməsi Tamella Əhmədovadan estrada janrından, o cümlədən, Teymur Əmrah və muğam sənətinin sirrlərini dərindən yiyələnmək üçün Qəzənfər Abbasovdan da dərs alıb. E.Məmmədov bir çox müsabiqələrin laureatı olub. Belə ki, 1999-cu ildə Heydər Əliyev Sarayında keçirilən "Pöhrə 99" mahnı yarışmasının qalibi olub. 2007-ci ildə isə "Azad Azərbaycan" televiziyasında keçirilən "Xalq Ulduzu 1" müsabiqsəinin layiqli iştirakçılarından biri olub və münsiflər heyəti tərəfindən müsbət rəylərə layiq görülüb. Elə həmin ilin son aylarında müsabiqə bitdikdən sonra bir çox verilişlərin və telelayihələrin qonağı olub.