Milli Məclisdə ulu öndər Heydər Əliyevə həsr olunmuş 2 kitabın təqdimatı keçirilib

10 May 2012 14:42 (UTC+04:00)

Bu gün Milli Məclisdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə kitab təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, təqdim edilən kitablar Milli Məclisin spikeri Oqtay Əsədovun məsul redaktoru olduğu \"Heydər Əliyev xatirə zalı-5\" və \"Azərbaycan Respublikasının Milli Məclisi dördüncü çağırış\" kitablarıdır. Sözügedən kitablar azərbaycan və ingilis dillərində nəşr olunub.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz əməyi olub. Ounu sözlərinə görə, müstəqil və müasir Azərbaycan dövlətinin banisi olan ulu öndər Heydər Əliyevin gördüyü işlər sayəsində ölkədə möhkəm dövlət quruculuğu yaranıb və bu günə kimi davam etdirilir: "1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ulu öndərin ilk fəaliyyəti parlamentdən başlayıb. O, 4 ay müddətində ölkə parlamentinə rəhbərlik edib. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi işlər peşəkar parlamentin formalaşmasında öz müsbət töhfəsini verib. Milli Məclisdə onun adını daşıyan Heydər Əliyev xatirə zalı var ki, həmin zalın 5 ili tamam olur. Bu zal Milli Məclisdə də bir ziyarət yerinə çevrilib. Ölkəyə gələn qonaqlar və Milli Məclisə gələn bütün ölkələrin parlament nümayəndə heyətləri bu zalda Heydər Əliyevin həyat və yaradıcılığı ilə tanış olur".

Qeyd edək ki, bu günə kimi 150 min nümayəndə heyəti Milli Məclisə gələrək Heydər Əliyevin xatirə zalını ziyarət edib.

Spiker həmçinin əlavə edib ki, ölkə prezidentinin keçirdiyi siyasət nəticəsində Azərbaycan Avropada tanının dövlətlərdən birinə çevrilib: \"Biz deputatlar və parlamentarilər də hər zaman İlham Əliyevin yanında olacaq və onun gördüyü işləri dəstəkləyəcəyik\".

Tədbirin davamında millət vəkilləri Ulu ödərlə bağlı xatirələrini bölüşüblər.