Bakı İH-nın başçısı: \"Dövlət komissiyasından keçməyən binadan mənzil almaq cinayətdir\"

10 May 2012 14:23 (UTC+04:00)

"Hətta binanın sərəncamı olsa da, tikintiyə icazə verilsə də, bina dövlət komissiyasından keçməyibsə, o binadan mənzil almaq cinayətdir". SİA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov verib.


H. Abutalıbov "Mur-Ay" MMC və "Gen" MMC tikinti şirkətləri ilə bağlı yaranan problem və paytaxt meriyasının bununla bağı mövqeyi haqqında danışıb: "Mur-Ay" tikinti şirkətinin fəaliyyəti ilə bağlı bir şikayətçi yoxdur. Bu şirkətdən ev alan vətəndaşların hamısı mənzillə təmin olunub. O ki, qaldı "Gen" MMC-yə, onların əlində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı yoxdur".


Bakı şəhər İcra Hakimiyyətinin başçısı deyib ki, "Gen MMC" ilə bağlı yaranmış problemdə dövlətin heç bir günahı yoxdur: "Onları adi bir oğru aldadıb. Heç bir zaman sərəncamı olmayan evə pul verməzlər. Bir daha deyirəm, tam təmir olunan, dövlət komissiyası tərəfindən qəbul edilən binalardan mənzil alınmalıdır".