Azərbaycan xalqının əbədiyaşar lideri – Heydər Əliyev

10 May 2012 14:08 (UTC+04:00)

Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun, mücadilələrlə dolu bir yol keçib, keçməkeşli bir həyat yaşayıb. Əsrlər keçəcək, nəsillər dəyişəcək, amma Ulu öndər Heydər Əliyev xalqımızın yaddaşında daim yaşayacaq. Təkcə ona görə yox ki, Heydər Əliyev dühası, Onun siyasi kursu, ölkəmizə rəhbərliyi Azərbaycana, xalqımıza yalnız tərəqqi, inkişaf bəxş edib, Heydər Əliyev öz bilik və bacarığını rəhbərlik etdiyi bu dövlətin xoşbəxt gələcəyinin qurulmasına yönəldib. Həm də ona görə ki, Heydər Əliyev bütün ömrünü, həyatını dövlətinin, xalqının rifahı, intibahı üçün həsr edən, bu yolda canını belə əsirgəməyən liderdir. Böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas edib, millətiningələcəyini təmin edib. Heydər Əliyev öz əməlləri, fəaliyyəti, xalqımıza, dövlətimizə bəxş etdiyi azadlıqlarla əsil xilaskarlıq örnəyi nümayiş etdirib.

Ümummilli liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani dəyərliliyi ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri ilə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub.

Qurub yaratmaq və yaşatmaq, özü üçün deyil, milləti, dövləti üçün yaşamaq bu dahi insanın taleyinə yazılmışdı. Bütün əziyyətlərə baxmayaraq, o öz taleyinə hakim çıxdı, Azərbaycan adlı müstəqil dövlət qurdu, onun sabitliyini təmin etdi, milli-mənəvi dəyərlərə qayıdışın, milli özünüdərkin əsasını qoydu. Azərbaycanlı adını öz adı ilə birlikdə bəşəriyyətə tanıtdı. Azərbaycan bayrağını dünyada ucaltdı. Bir sözlə, Heydər Əliyev yeni bir Azərbaycan yaratdı. Buna görə də Heydər Əliyev ifadəsi siyasi şüurlarda, gündəlik həyatımızda "Azərbaycan" sözünün sinoniminə çevrilib.

Azərbaycanın və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcək. Mənsub olduğu xalqına xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyada layiqincə tanıtmaq, bu dahi şəxsiyyətin əsas məqsədi idi. O, elə bir rəhbər, elə bir dövlət başçısı idi ki, onun diqqətindən heç bir sahə kənarda qalmırdı. O, sözün həqiqi mənasında Azərbaycanla yaşayırdı, Azərbaycanla nəfəs alırdı. Heydər Əliyev - adı Azərbaycanın simvolu kimi səslənən elə parlaq simadır ki, onun işıqlı ideyaları daima yaşayacaqdır. Bir sözlə Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır.

Çox sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası öz bəhrələrini verməkdədir. Bu gün Azərbaycan dünyada bir nömrəli islahatçı ölkə hesab olunur. Sabitliyinə və inkişafına görə, böhranlı vəziyyətdə belə xarici investorlar ölkəmizə sərmayə yatırırlar. Ümumiyyətlə, bu inkişaf strategiyası hərtərəfli şəkildə Azərbaycanı tərəqqiyə aparır.