Qoşulmama Hərəkatına üzv ölkələr Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çağırıblar

10 May 2012 11:19 (UTC+04:00)
Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclasında yekun sənəd qəbul olunub. SİA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev jurnalistlərə verdiyi açıqlamada yekun sənədin 382-ci bəndində Ermənistan-Azərbaycan münaqişəsinin region üçün təhlükə törətməyə davam etdiyi vurğulanıb. Qoşulmama Hərəkatına üzv ölkələr Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çağırıblar. Sənəddə bildirilir ki, münaqişə güc tətbiq etməmək və beynəlxalq hüququn əsas prinsipləri əsasında həll olunmalıdır. Sənəddə Azərbaycanın ərazi bütövlüyü növbəti dəfə tanınır və ölkəmizin beynəlxalq arenada mövqelərini möhkəmləndirdiyi qeyd olunur.

Qoşulmama Hərəkatına üzv ölkələrin nazirləri Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmamış qalmasından, beynəlxalq və regional təhlükəsizliyə təhlükə törətməkdə davam etməsindən təəssüflərini ifadə ediblər. Onlar BMT-nin nizamnaməsində öz əksini tapmış güc istifadə etməmə prinsipinin vacibliyini bir daha təsdiq edib və tərəflərin münaqişəni danışıqlar yolu ilə, beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllini tapmaqda davam etməyə çağırıblar.

Qeyd edək ki, Azərbaycanı bu toplantıda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. Qoşulmama Hərəkatına 120 ölkə daxildir, Azərbaycan bu hərəkata 2011-ci ildə üzv qəbul olub.