Elman Rüstəmov: \"Azərbaycanın qızıl valyuta ehtiyatları yerli hasilat və ölkəyə düşən pay hesabına formalaşır\"

9 May 2012 13:36 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünya maliyyə böhranından xeyli əvvəl öz qızıl valyuta ehtiyatlarını şaxələndiriblər. SİA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, bizim portfelimiz müxtəlif ölkələrin valyutalarına, dünya iqtisadiyyatının vəziyyətinə, o cümlədən dollar, Avrozona və ya yen zonasındakı münasibətlərin strukturuna söykənir: \"Bu planda olduqca ciddi iqtisadi və analitik əsaslandırmalar mövcuddur. Böhran dövründə həyata keçirilən işlər ümumilikdə valyuta ehtiyatlarının coğrafi strukturunun yaxşılaşdırılmasına yönəldilmişdi. Biz bilirik ki, problemli ölkələr, heç bir problemi olmayan ölkələr və az sayda problemi olan ölkələr var. Bütün bunlar valyuta ehtiyatlarının coğrafi struktur dəyişikliklərinə təsir edib. Valyuta strukturunda isə hər hansı ciddi dəyişikliklər olmayıb\".

Elman Rüstəmov Azərbaycanın qızıl valyuta ehtiyatlarının çox da böyük olmadığını vuğulayıb: \"Onlar, əsasən, yerli hasilat və ölkəyə düşən pay hesabına formalaşır. Maliyyə böhranı dövründə valyutadan qızılın xeyrinə imtina tendensiyası müşahidə edilirdi. İqtisadiyyatın canlanması ilə bu o qədər də aktual olmadı, çünki qızıl passiv valyutadır ki, bu da investorları cəlb etmir\".

Bu ilin sonuna kimi Azərbaycanın valyuta ehtiyatlarının 13-15 milyard dollara çata biləcəyini deyən Elman Rüstəmov bildirib ki, hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollardan artıqdır: \"Pul dövriyyəsində yuxarı əsginazların çəkisi həddindən artıq çoxalıb. Belə olan şəraitdə dünya praktikasında hər hansı əsginaza düşən ağırlığı qaldırmaq üçün əlavə əsginazlar buraxılır\".