Yeni tibb müəssisələri əhalinin istifadəsinə verilib - FOTO

9 May 2012 13:30 (UTC+04:00)

Səhiyyə Nazirliyinin tabeçiliyindəki uzun illərdən bəri təmirsiz, bəzi hallarda isə yararsız vəziyyətdə olan bir neçə tibb müəssisəsi açılaraq əhalinin istifadəsinə verilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əsaslı təmir və tikintidən sonra açılan müəssisələrdən Əhmədli qəsəbəsindəki 6 nömrəli Şəhər Poliklinikası, Biləcəri qəsəbəsindəki 16 nömrəli Poliklinika, Bilgəh qəsəbəsindəki 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Lökbatan qəsəbəsindəki 39 saylı Uşaq Kardiorevmotoloji Sanatoriyada ən müasir tələblərə cavab verən tibbi avadanlıq quraşdırılıb, istilik sistemi, qida və dərman preparatları ilə təmin olunub.

Respublikada bütün tibb ocaqları kimi bu müəssisələr də müasir səviyyədə təmir olunub, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilib. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Ölkədə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.