Şuşa Kiyevdə anıldı - FOTOLAR

9 May 2012 10:30 (UTC+04:00)

Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı Kiyev şəhərində tədbir keçirilib. SİA-nın əməkdaşının verdiyi məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna üzrə nümayəndəliyinin əməkdaşlarının, diaspor fəallarının, Ukraynanın bir sira gənclər təşkilatları və media nümayəndələrinin qatıldığı anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, Azərbaycanın mədəniyyət beşiyi sayılan qədim Şuşa şəhərinin tarixi haqda ətraflı məlumat verib.

20 il bundan öncə erməni silahlı qüvvələri tərəfindən işğala məruz qalan Şuşa şəhərinin xarabalığa çevrildiyini, qədim ənənəyə malik olan şəhərdə minlərlə mədəniyyət abidələrinin yerlə yeksan olunduğunu, məscid və dini etiqad məbədlərinin təhqir olunduğunu diqqətə çatdırıb. Sonra tədbirə qatılanlar Azərbaycan və Ukrayna dövlət televiziyalarının birgə istehsalı olan Qarabağ tarixin burulğanında sənədli filminə baxmaqla ermənilərin son iki əsrdə Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasəti ilə tanış olublar. Anım mərasimində çıxış edən filmin ssenari müəllifi, tanınmış telejurnalist Georgi Spaçakukotskiy Qarabağ problemini araşdıran tədqiqatçı jurnalist kimi, 1988-ci ildən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ daxil olmaqla əlavə 9 rayonunun, o cümlədən, Şuşa şəhərinin işğal edilməsini erməni və erməni pərəst dövlətlərin son 2 əsrdə Azərbaycana qarşı həyata keçirtdikləri işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq bu məsələyə biganə münasibət sərgiləyən dünya birliyini və beynəlxalq təşkilatları tarixi ədalətsizliyə goz yummaqda günahlandırıb.

Georgi Spaçakukotskiy: \"Mən çox istəyirəm ki, bugünkü gənc nəsil tarixlərini dərindən oyrənsinlər. Çünki, Azərbaycanın məruz qaldığı işğal siyasətinin arxasında uzun əsrlərin məkrli planı dayanır. Mən tarixi mənbələrə əsaslanaraq Qarabağ həqiqətlərini araşdıran tədqiqatçı jurnalist kimi onu deyə bilərəm ki, tarix nəinki Şuşada, umumiyyətlə, İrəvan və Dağlıq Qarabağda köklü erməni izini təsdiq etmir. Çox təəssüflər olsun ki, bu tarixi dəqiqliyi ilə bilən Dünya Birliyi və beynəlxalq təşkilatlar erməni işğalının qarşısının alınmasında nədənsə acizlik nümayiş etdirirlər.

Tədbirdə ermənilərin 150 il bundan oncə Dağlıq Qarbağa köçürülmə tarixindən bəhs edən Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri İrfan Davudov \"Böyük Ermənistan\" xülyası ilə yaşıyan ermənilərin Ukraynanın Lvov şəhərinində qədim erməni şəhəri olmasına iddialarından danışıb. Müstəqil Azərbaycanın hərbi iqtisadi qüdrətinə görə Cənubi Qafqazda lider dövlətə çevrilməsindən bəhs edən Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna üzrə nümayəndəliyinin əməkdaşı Həzi Aslanov, Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov və Ümumukrayna Gənclər Assambleyasının sədri Yuna Şeyxaliyeva Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə Şuşa başda olmaqla, işğal altında olan Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunacağına əmin olduqlarını bildiriblər.