TÜRKSAM-da “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filmi nümayiş etdirilib

9 May 2012 12:52 (UTC+04:00)

Millət vəkili Qənirə Paşayeva TÜRKSAM-da Şuşa ilə bağlı keçirilən konfransda çıxış edib. SİA-nın verdiyi məlumata görə, tədbirdə ilk olaraq millət vəkili Qənirə Paşayevanın ideya müəllifi və baş məsləhətşisi olduğu "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin hazırladığı "Dağıdılmış mədəniyyət beşiyi – Şuşa" filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra Türkiyə Böyük Millət Məclisinin üzvü, TÜRKSAM-ın prezidenti Sinan Oğan Ermənistanın 20 il əvvəl Azərbaycanın qədim Şuşa şəhərini işğal etməsi barədə geniş məlumatlar verib. O, bildirib ki: "Beynəlxalq aləm bir millətin tarixinin yox edilməsinə, məscidlərin axur olaraq istifadə edilməsinə reaksiya vermir. Bu bir ikili standartdan başqa bir şey deyil". Sinan Oğan beynəlxalq aləmi Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına baxmağa və ermənilərə geri çəkilmələri üçün təzyiq etməyə çağırıb.


Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva Şuşanın Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı çıxışında vurğulayıb ki, Dağlıq Qarabağ və Şuşanın işğalı təkcə Azərbaycanın deyil, Türkiyə və bütün türk dünyasının problemidir. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın Şuşada törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.


Miillət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaq.


"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq", – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə sosial mediada səylərin artırılmasının, həqiqətlərin daha geniş şəkildə yayılması işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.


O, Türk mətbuatına da müraciət edərək, Azərbaycanın qədim şəhəri olan Şuşada və ümumiyyətlə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılmasında daha fəal rol oynamağa çağırmışdır.


Tədbir çərçivəsində "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəstəyi ilə hazırlanmış "Dağıdılmış mədəniyyət beşiyi – Şuşa" filminın və Xocavənd rayon icra hakimiyyətinin millət vəkili Qənirə Paşayevanın "Ruhum Qarabağlıdır" şeirlər silsiləsi əsasında


hazırladığı "Ruhum Qarabağlıdır" filminin nüsxələri və Şuşa ilə bağlı materiallar tədbir iştirakçılarına paylanılmışdır.