Şuşalı məcburi köçkünlər beynəlxalq təşkilatlara müraciət qəbul edib

8 May 2012 22:20 (UTC+04:00)

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar şuşalı məcburi köçkünlərin Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciət qəbul edib. SİA-nın AzərTac-a istinadən verdiyi məlumata görə, müraciətdə deyilir:

"Biz Azərbaycanın Şuşa rayonundan olan məcburi köçkünlər dünyanın aparıcı beynəlxalq təşkilatlarına - Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciət etməklə beynəlxalq hüquq normalarını və prinsiplərini kobud surətdə pozan, Azərbaycana qarşı təcavüz edən Ermənistanın işğalçılıq siyasətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik.

Bildiririk ki, 2012-ci il mayın 8-də Şuşanın Ermənistan qoşunları tərəfindən işğalının 20 ili tamam olur. Bu işğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılmış, 24 mindən artıq əhalisi didərgin salınmış, çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan tarixində mühüm yer tutan, canlı təbiət muzeyi və abidələr şəhəri olan Şuşa təkcə XX əsrdə erməni millətçiləri tərəfindən üç dəfə yandırılmış və dağıdılmışdır. Ermənilər belə cinayətləri 1905-1906-cı və 1920-ci illərdə də törətmişlər.

1992-ci ildə Şuşa rayonunda mövcud olan 25 məktəb, 31 kitabxana, 25 klub və mədəniyyət evi, onlarla uşaq bağçaları, kinoteatrlar, sanatoriyalar, turist bazaları, muzeylər, Dövlət Dram Teatrı, Dövlət Rəsm Qalereyası, Şərq musiqi alətləri fabriki, 170-dən çox memarlıq abidəsi sayılan yaşayış binası, 160-dək tarix və mədəniyyət abidəsi, məbədgah və məscidlər məhv edilmiş, özlərini sivil xalq adlandıran bu vandallar tərəfindən minlərlə kitab, nadir əlyazmalar yandırılmışdır. Onlar hətta dünya musiqi mədəniyyətinə nadir incilər bəxş etmiş Üzeyir Hacıbəyli kimi incəsənət xadimlərinin heykəllərini belə güllə-baran etməkdən çəkinməmişlər.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri saymaqla qurtarmır. Təkcə 1988-1993-cü illərdə Ermənistan ilə Azərbaycan arasında gedən qanlı döyüşlərdə 20 min azərbaycanlı qətlə yetirilmiş, 100 min insan yaralanmış, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Azərbaycana qarşı saysız-hesabsız terror aktları törədilmişdir və bu terror aktları zamanı 1200 nəfər həlak olmuş, 1700-dən artıq adam yaralanmışdır. Dinc əhaliyə qarşı törədilən vəhşiliklər bütün beynəlxalq normaların ziddinə olmuş və bəşəriyyətə qarşı törədilən amansız cinayətlərdir. Buna əyani sübut olaraq təkcə Xocalı soyqırımını göstərmək kifayətdir.

Ermənistanın Azərbaycanın mədəni sərvətlərinə münasibəti "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına "Ümumdünya mədəni və təbii irsin mübarizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasına tamamilə ziddir.

Biz, şuşalı məcburi köçkünlər dünya ictimaiyyətinə bir daha xatırladırıq ki, artıq 20 ildən çoxdur ki, Ermənistan öz himayədarları vasitəsilə işğal etdiyi əraziləri azad etməkdən hər vasitə ilə boyun qaçırır. Ermənistan Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını da işğal etmişdir. Bu ərazilər Dağlıq Qarabağ ərazisindən dörd dəfə çoxdur.

Çox təəssüf ki, dünya birliyi təcavüzkarı cəzalandırmağa və onu yerində oturtmağa tələsmir. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi tələb olunsa da, Ermənistan buna tam biganəlik göstərir. Biz əminik ki, Azərbaycan xalqının haqlı tələbləri gec-tez yerinə yetiriləcək, Azərbaycan torpaqları sülh yolu ilə azad ediləcəkdir.

Biz onu da bəyan edirik ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının erməni işğalında qalmasına razı olmayacaqdır. Biz nəyin bahasına olursa-olsun öz yurd-yuvamıza qayıdacağıq.

Bizim dünya ictimaiyyətindən xahiş və tələbimiz budur ki, bütün Qafqazda, eləcə də dünyada sülhü təhlükə altına alan təcavüzkarlıq siyasətinə son qoyulsun, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, bütün məcburi köçkünlər öz daimi yaşayış yerlərinə qayıtsınlar. Əminik ki, dünya haqqı müdafiə edəcək, Ermənistanın işğalçılıq siyasətinə düzgün hüquqi və siyasi qiymət verəcəkdir".


Müraciət Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş anma mərasimində qəbul edilib.