“Şuşasız 20 il” - FOTO

8 May 2012 18:21 (UTC+04:00)

Azərbaycan Dillər Universitetində (ADU) Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalına həsr olunmuş tədbir keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın musiqi konservatoriyası sayılan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20-ci ildönümü ilə bağlı "Şuşasız 20 il" adlı tədbir keçirilib. Tədbirdə ADU-nun tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev və universitetin tələbə-müəllim heyəti iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra Şuşa şəhəri haqqında fotolardan ibarət slayd nümayiş olunub. Tədris işləri üzrə prorektor, professor Natiq Yusifov çıxış edərək bu günün Azərbaycanda ürək ağrısıyla xatırlanan bir tarix olduğunu bildirib. N. Yusifov 1992-ci ilin mayın 8-də Azərbaycanın gözəl və füsünkar təbiətə malik olan guşələrindən olan Şuşa şəhərinin ermənilərin işğalına məruz qaldığını vurğulayıb. Prorektor Şuşanın işğalı zamanı Azərbaycanın igid qız və oğlanlarının şəhid olduğunu dedi. N. Yusifov iştirakçılara Şuşa şəhərində ermənilər tərəfindən törədilmiş vandalizm aktları, tarixi abidələrin, Azərbaycanın mədəniyyət ocaqlarının, xəstəxana və məktəblərin dağıdılıb talan edilməsi haqqında məlumat verib. Prorektor torpaqlarımızın tezliklə erməni işğalından azad olacağına ümidvar olduğunu bildirib. O, gənclərimizin qəlbində vətənpərvərlik sevgisinin çox güclü olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. ADU-nun tələbəsi Aytən Səlimova " Şuşa" şeirini söyləyib. Tarix kafedrasının baş müəllimi Qorxmaz Mustafayev Şuşanın tarixindən bəhs edib. Tarixi faktlara əsaslanan Q. Mustafayev Şuşanın Azərbaycanın qədim yaşayış məskəni olmasından danışıb. XIX əsrin əvvəllərində Şuşa əhalisinin etnik tərkibinə toxunan baş müəllim orada yaşayan Azərbaycanlı ailələrin sayının erməni ailələrindən qat-qat çoxluq təşkil etdiyini bildirib. O, həmin dövrdə ermənilərin Şuşaya köçürülməsinin rəqəmlərdə də öz əksini tapdığını qeyd edib.

ADU-nun II kurs tələbəsi Əli Qəmbərli öz çıxışında gənclərin torpaqlarımızın bütövlüyünün bərpa edilməsinə daim hazır olduğunu və işğal olunan ərazilərin tezliklə azad olunacağına əminliyini ifadə edib.

Qeyd edək ki, tədbirin sonunda Ü.Hacıbəyovun "Koroğlu" üverturası səslənib.

Sonda ADU-nun tələbələrinin təşkil etdiyi "7306" adlı aksiya keçirilib. 7306 rəqəmi Şuşasız keçən 20 ildə günlərimizin sayını özündə ehtiva edir. Tələbələr aksiya çərçivəsində Şuşa haqqında öz fikirlərini "Şuşanın işğalı", "Şuşanın tarixi", "Şuşanın mədəniyyəti" adlı stend - lövhələrdə yazaraq bildirdilər.