DAK və Beynəlxalq Diaspor Mərkəzi Şuşanın işğalı ilə bağlı konfrans keçirib

8 May 2012 17:00 (UTC+04:00)

Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə "Qarabağın işğalının beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan diasporunun rolu" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransın keçirilməsində əsas məqsəd Şuşanın ermənilər tərəfindən işğalının iyirminci ildönümü münasibəti ilə dəyirmi masa ətrafında müzakirələr aparmaq və torpaqlarımızın mənfur düşmənlərimizdən azad olunması yönündə mümkün həll yollarının araşdırılması olub.

Konfransda Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Xəzər Emin, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Yazıçılar Birliyinin üzvü Ənvər Əhməd, şair Əvəz Lələoğlu və digərləri çıxış edərək Şuşanın işğalı ilə bağlı ümummilli ağrını jurnalistlər və konfrans iştirakçıları ilə bölüşüblər.

Tədbirdə çıxış edən Beynəlxalq Diaspor Təşkilatının sədri İsmayıl Ağayev bu mövzuda danışmağın çox çətin olduğunu deyib: "Bu gün konfrans başlamazdan əvvəl Şəhidlər xiyabanını ziyarət etdik, orada olan insan axınını izlədim. Hər bir vətəndaşımızın gözlərindən bu sözləri oxumaq mümkün idi: biz nə vaxt əlimizə silah alıb torpaqlarımızı azad edəcəyik.

20 ildən artıqdır ki, hələ də anım günlərini qeyd edirik, bu isə bizim üçün həqiqətən də çətindir. DAK yarandığı gündən dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir, azərbaycançılıq idealogiyasını çox uğurla davam etdirib, işğalda olan torpaqlarımızın azad olması yönündə əlimizdən gələni edirik. Ancaq nə yazıq ki, torpaqlarımız hələ də işğaldadır və biz bu gün də Bakıda Şuşanın işğalının ildönümünü keçiririk. Mən hesab edirəm ki, bütün Azərbaycan diasporu fəaliyyət göstərdiyi ölkələrdə əllərindən gələn bütün imkanları səfərbər edirlər. Ancaq əfsuslar olsun ki, biz hələ də səsimizi duyura bilmirik. Dünya bizi qəbul etmək istəmir, ATƏT-in Minsk qrupu, Fransa, ABŞ, Rusiya birmənalı şəkildə erməniləri müdafiə edirlər, Azərbaycanın haqq səsini müdafiə etmək istəmirlər. Baxmayaraq ki, BMT-nin məlum 4 qətnaməsi vardır, lakin o qətnamələr hələ də həyata keçmir, bunun da əsas səbəbi odur ki, dünyada hələ də ikili standartlar mövcuddur. Həm diasporlarımız, həm qeyri-hökumət təşkilatlarımız, həm də vətəndaş cəmiyyətimiz bu mövzuda fəal olmalı, fikirlərimizi bildirib torpaqlarımızın azad edilməsi yollarını tapmalıyıq".

DAK sədrinin Mədəniyyət və Humanitar məsələləri üzrə sədr müavini Xəzər Emin çıxışına bu sözlərlə başlayıb: "Mən vətənsiz Azərbaycanın vətəndaşıyam. Biz bu dərdi, əzabı nə vaxta qədər çəkməliyik? Bizim yaşlı nəsil yavaş-yavaş dünyasını dəyişir, yeni nəsil dünyaya gəlir, ancaq torpaqlar hələ də işğaldadır. Onu da unutmamalıyıq ki, vaxtın bu qədər qazanılması qarşı tərəfin xeyrinə işləyir. Bu gün Şuşada arxeoloji qazıntılar aparıldıqda erməni abidələri meydana çıxır. Mən düşünürəm ki, biz artıq sözləri əməllərimizdə göstərməli, Azərbaycanın səsini dünyaya çatdırıb mənfur erməniləri yerlərində oturtmalı və torpaqlarımızı artıq nə yolla olur-olsun azad etməliyik".


Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə bildirib ki, bu gün biz münasibətimizi, dəyərlərimizi dəyişməsək heç nəyə nail olmayıb torpaqlarımızı işğaldan azad edə bilməyəcəyik: "Çünki ölkədə ordu quruculuğu inkişaf edib və ən yüksək səviyyədədir. Beynəlxalq təşkilatların qərarları ilə uyuyub yatmaq lazım deyil. Biz bu gün Azərbaycan Respublikası olaraq işğalda olan bir rayonda hərbi əməliyyat aparıb, əlimizə silah alaraq bizə məxsus olan ərazimizi geri qaytarsaq, o zaman beynəlxalq təşkilatlar özləri bizim ayaqlarımıza gələcəklər. Ancaq o zaman beynəlxalq təşkilatlar gəlib bizlə danışıqlar aparmaq istəyəcəklər, o anda biz onların qarşısına şərt qoyub "iyirmi il idi harada idiniz niyə bu günə kimi gəlmirdiniz?" deyəcəyik. Bu gün biz qarşımızda olan bütün siyasi, milli elmi, hərbi və digər imkanlardan istifadə edib Şuşanın ermənilərdən azad etməliyik. Mən inanıram ki, bizim bu döyüşə hazır olan əzmimiz ilə Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı mütləq azad edəcəyik. Düşünürəm ki, sistemli mübarizə olmalıdır ki, biz qələbə qazanaq".


Mənzər Ərçəqızı