Milli Məclisinin deputatı İstanbulda beynəlxalq simpoziumda Şuşanın işğalından bəhs edib - FOTO

8 May 2012 12:42 (UTC+04:00)

İstanbul Universitetində Türk Ocaqlarının 100 illiyi münasibətilə "Bir düşüncə hərəkatının yüz ili" mövzusunda simpoziumda Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edib. SİA-nın məlumatına görə,Türk Ocakları İstanbul şöbəsinin İstanbul universiteti ilə birlikdə təşkil etdiyi konfransın açılışında millət vəkili Qənirə Paşayeva ilə yanaşı, İstanbul Universiteti ədəbiyyat fakültəsinin dekanı professor Mustafa Özkan, Türk ocakları İstanbul şöbəsinin başqanı Cezmi Bayram, İstanbul universitetinin rektoru professor Yunus Söylet və Türkiyə baş nazirinin müavini Beşir Atalay da çıxış ediblər.

Cıxışında Azərbaycanın dilbər guşəsinin Ermənistan tərəfindən işğalı və Şərqin bu mədəniyyət mərkəzində yerləşən tarixi-mədəniyyət abidələrinin dağıdılmasından konkret faktlarla bəhs edən millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, Dağlıq Qarabağ və Şuşanın işğalı təkcə Azərbaycanın deyil, Türkiyə və bütün türk dünyasının problemidir. Türkiyə və Azərbaycanın bir-birinə arxa olduqlarını qeyd edən Q.Paşayeva bildirib ki, ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamı Azərbaycan ilə Türkiyənin bir-biri ilə sıx bağlı olduğunu təsdiq edir.

Azərbaycan Milli məclisinin üzvü Qənirə Paşayeva konfransa "Bir fikir hərəkatının 100-cü ili" kimi sərrast ad seçildiyinə diqqətə cəlb edərək 1912-ci ildə yaradılan Türk ocaklarının 1916-dakı Çanakkale zəfərinin əsas ilhamvericisi olduğunu vurğulayıb. Millət vəkili Qənirə Paşayeva sözlərinə bu şəkildə davam edib: "Biz bu fikir hərəkatını yaradanların zəkası nəticəsində sovet imperiyasından xilas ola bildik. Ona görə yüz illər keçəndən sonra da biz özümüzü bu fikir hərəkatını yaradanların qarşısında borclu hiss edəcək və onları rəhmətlə xatırlayacağıq. Biz gənc nəsillərimizi Qaspıralı, Akçura, Hüseynzadə, Ağaoğlu, Gökalp ruhunda yetişdirməliyik. Biz müstəqilliyimizi əldə etdiyimiz andan etibarən Türkiyənin qeydsiz-şərtsiz, qardaş dəstəyini görmüşük. Türkiyə bizdən başqa o biri Türk cümhuriyyətlərinə də dəstək verib. Bu gün dünya yenidən şəkillənir. Biz 100 il əvvəl yaradılmış bu fikir hərəkatının prinsiplərini qüsursuz şəkildə yerinə yetirməliyik ki, bütün Türk aləmi müasir dünyadakı haqlı yerini ala bilsin. Bu konfransda müxtəlif Türk ölkələrindən dostlarımız iştirak edir. Mənə deyəndə ki, bütün çıxışlar Türk dilində olacaq, mən də dedim ki, Allah razı olsun. Çünki hələ İsmayıl bəy Qaspıralı 100 il əvvəl deyirdi ki, Dildə, fikirdə, işdə birlik- demişdi. Əgər bizdə dildə və fikirdə birlikdə olsaq, işdə birliyimiz də qaçınılmaz olacaq". Millət vəkili Qənirə Paşayeva Türk dünyasını bundan sonra daha sıx birliyə dəvət edib.


Çıxışının sonunda təkrar Şuşanın Ermənistan tərəfindən işğalından 20 il keçdiyini xatırladan millət vəkili Qənirə Paşayeva deyib: "İnşallah Türk Ocaqlarının 101-ci ilini birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda, Şuşamızda keçirərik. Mən əminəm ki, o gün uzaqda deyil."

"Bir fikir hərəkatının 100-cü ili" mövzusundakı toplantının açılış iclasından sonra millət vəkili Qənirə Paşayevaya İstanbul Türk Ocaqları adından ebru tablosu hədiyyə verilib.

Qeyd edək ki, 3 gün davam edəcək olan "Bir fikir hərəkatının 100-cü ili" adlı konfransda İstanbul universitetinin Azərbaycan mənşəli 2 böyük alimi-tibb professoru Əlibəy Hüseynzadə və dilçi professor Muharrem Erginin adına təşkil edilmiş seksiya iclasları da keçiriləcək.