Bayram Səfərli: \"Biz öz torpaqlarımıza qayıdacağıq\"

8 May 2012 12:12 (UTC+04:00)

Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü münasibəti ilə Şuşa ictimaiyyəti, siyasi partiyaların, birliklərin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. SİA-nın xəbərinə görə, ziyarət sonrası jurnalistlərə müsahibə verən Şuşa şəhər İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib ki, Azərbaycan dövləti Şuşanın ermənilər tərəfindən işğal edilməsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində zəruri tədbirlər görür.

Onun sözlərinə görə, Azərbaycan yalnız Şuşanın deyil, digər ərazilərin işğalının, o cümlədən ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamların dünyaya çatdırılmasında lazımlı addım atıb: "Həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun zəhməti böyükdür. Bütün bu tədbirlərin nəticəsidir ki, dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini dərk edir və erməni yalanları ifşa olunur. Bu gün Dağlıq Qarabağın azərbaycanlı icması Şuşanın işğalı ilə bağlı bəyanat hazırlayıb və beynəlxalq təşkilatlara göndərəcək. Şuşanın işğalı ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edən insanların sayının əvvəlki illərlə müqayisədə çox olmasının əsas səbəbi Prezident İlham Əliyevin bu yaxınlarda Şuşanın işğalı ilə bağlı imzaladığı sərəncamdır. Bu sərəncamdan sonra daha da əmin olduq ki, ərazimiz gec-tez erməni işğalından azad olunacaq və biz öz torpaqlarımıza qayıdacağıq".

O, Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini qeyd edərək bu rejimin işğal olunmuş ərazilərin, Dağlıq Qarabağın, Şuşanın azad olunması üçün heç bir addım atmadığını deyib.