Heydər Əliyev Sarayında Ulu Öndərin büstü qarşısında anım mərasimi keçirilib- FOTO

8 May 2012 10:47 (UTC+04:00)

Heydər Əliyev Sarayında Ulu Öndərin büstü qarşısında anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə öncə, Ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab və foto stendə baxış keçirilib.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev açıb: \"Heydər Əliyev Azərbaycan xalqının tarixində böyük rol oynayıb. Ümummilli liderimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəmizi fəlakətdən xilas edib və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması həyata keçirilib. Ulu öndər xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Ulu öndərin əsasını qoyduğu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan daha da inkişaf edən və dünya dövlətləri arasında layiqli yerini tutan bir ölkəyə çevrilib\".

Sonda mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad ediblər. Çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən danışıblar.

Tədbirdən sonra Heydər Əliyev Sarayının rəhbərliyi və kollektivi xalqımızın ümummilli liderinin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə gül dəstələri düzüblər.