Yeniyetmələr arasında güləş üzrə Azərbaycan birinciliyi keçiriləcək

8 May 2012 09:24 (UTC+04:00)

Mayın 15-18-də Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçiriləcək. Güləş Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, FİLA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq birincilikdə respublikanın demək olar ki, bütün bölgələrini təmsil edən 1995-96-cı il təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparacaq. Yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini takmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Məlumat üçün bildirək ki, turnirin proqramına əsasən, mayın 15-16-da sərbəst, mayın 17-18-də isə yunan-Roma güləşçiləri arasında ən güclülər müəyyənləşəcək. Bundan əlavə, yarışlar hər gün səhər saat 10:00-da başlanacaq. Təntənəli açılış marasimi mayın 15-i, saat 17:00-a təyin edilib. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.