Tahir Kərimli: “Müxalifət nəyisə etməyə çalışanda ilk növbədə keçmişinə nəzər salsın” - MÜNASİBƏT

7 May 2012 19:38 (UTC+04:00)
Bəzi insanların xasiyyətləri, hərəkətləri çox təəccüblüdür. Yazıçı Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyən, bunun üçün təbliğat işlərinə qoşulan şəxslər olublar. Bəs necə olur ki, R.İbrahimbəyov özü qeyd edir ki, mən Azərbaycanda cənab prezident İlham Əliyevə alternativ şəxs görmürəm. Bunu SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.


"Bu insanlar ani olaraq necə dəyişə bilər axı. Bunları müxalifət mövqeyi sərgiləməyə nə vadar edir? Bu insanlar hələ də başa düşmürlər ki, xalq bütün bu olanları heç vaxt yaddan çıxarmır. Əgər Azərbaycanda müxalifətin dediyi dəyişikliklik baş verərsə bəs belə olan təqdirdə ölkənin siyasi sabitliyinin qorunmasına kim məsuliyyət daşıyacaq? Kim Bakı-Tbilisi-Ceyhan neft kəmərini, körpüləri partlayışlardan qoruyacaq? Hər birimiz ərəb ölkələrində baş verən hadisələrin şahidi olduq. Həmin ölkələrin hansı vəziyyətə düşdüyünü, iqtisadiyyatının necə bərabad olduğunu deməyə belə ehtiyac yoxdur", deyə partiya sədri bildirib.


T.Kərimli müxalifətin radikal qanadına xitabən: "Onlara demək istərdim ki, heç olmasa nəyisə etməyə çalışırlarsa ilk növbədə keçmişlərinə nəzər salsınlar. Bundan sonra Azərbaycan xalqını özlərinə inandırmağa çalışsınlar. Mən hələ də anlaya bilmirəm ki, müxalifətə nə cür cərəyan qoşublar ki, belə danışmağa əsasları var".