Ceyrançöl ərazisi partlamamış hərbi sursatlardan təmizlənəcək

7 May 2012 18:18 (UTC+04:00)

Azərbaycan Hökuməti Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisinin 64 kvadrat kilometrlik hissəsini partlamamış hərbi sursatlardan (PHS) və minalardan təmizlənməsinə dair layihənin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) müraciət edib. ANAMA-dan SİA-ya verilən məlumata görə, 1955-1991-ci illərdə keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmiş həmin ərazidə olan PHS və minalar yerli əhali üçün ciddi humanitar, sosial-iqtisadi və ətraf mühitin çirklənməsi təhlükəsi yaradır.

2009-cu ildə aparılmış tədqiqat zamanı çoxlu sayda partlamamış tank mərmisi və müxtəlif kalibrli artilleriya mərmisi, havadan atılmış bombalar və digər növ PHS aşkar edilib. Onların əksəriyyəti yanmış, lakin partlamamışdır və təhlükəli vəziyyətdə qalmaqdadır.

4 oktyabr 2011-ci il tarixdə Ceyrançöl Təmizləmə Layihəsi NATO tərəfindən rəsmən təsdiq olunub.

Belə ki, birinci mərhələdə ilkin olaraq hər biri 14 ayı əhatə edən 2 hissədən ibarət layihə çərçivəsində Azərbaycanın şimal-qərbində yerləşən Ceyrançöl adlı ərazidəki keçmiş sovetlər ordusunun təlim ərazisinin qərb hissəsində olan 19 kv km sahə PHS və minalardan təmizlənəcəkdir.

28 aylıq layihənin dəyəri 3 090 000 avro məbləğində müəyyənləşdirilib. Layihədə Azərbaycan Hökumətinin maliyyə dəstəyi layihənin ümumi dəyərinin 50% təşkil edir. Amerika Birləşmiş Ştatları Azərbaycanda Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu Layihəsinin -"Ceyrançöl Təmizləmə Layihəsi"-Azərbaycanda həyata keçirilməsində aparıcı ölkə olacağını məmnuniyyətlə öz öhdəsinə götürüb və layihəyə maliyyə dəstəyi ayırılıb. Eyni zamanda Böyük Britaniya da layihəyə donor ölkə olaraq qatılıb.

Qeyd olunan layihə çərçivəsində təmizləmə əməliyyatları 3 aprel 2012-ci ildən başlayıb və indiyəcən 400,403 kvm ərazi təmizlənmiş, 70 mina və PHS tapılıb.

Qeyd edək ki, NATO həftəsi çərçivəsində 6 iyul 2012-ci il tarixdə Azərbaycan Hökumət nümayəndələrinin, NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Appaturayın, eləcə də layihə üzrə donor ölkə təmsilçilərinin iştirakı ilə Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.