Bakı Kristal Zalına doğru iki buraxılış məntəqəsi olacaq

5 May 2012 22:15 (UTC+04:00)

Nazir müavini Oruc Zalov "Avroviziya-2012"dəki təhlükəsizlik tədbirlərindən danışıb


Azərbaycanın evsahibliyi edəcəyi "Avroviziya-2012" mahnı müsabiqəsi ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Bunu Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini Oruc Zalov ANS TV-yə eksklüziv açıqlamasında bildirib. O, gücləndirilmiş iş rejimində işləyəcək heyətin sayına da aydınlıq gətirərək 7 min polis əməkdaşının mövcud istiqamətdəki xidmətə cəlb edildiyini vurğulayıb.


O.Zalov bildirib ki, DİN 2010-cu ildə "Avroviziya"nın keçirildiyi Moskvadakı təcrübəyə üstünlük verib. Nazirlik rəsmisi bununla bağlı müvafiq sənədlərlə də tanışlıq aparıldığını diqqətə çatdırıb. "Avroviziya-2012"nin baş tutacağı Bakı Kristal Zalına doğru iki nəzarət-buraxılış məntəqəsinin olacağını deyib.


Cənab Zalovun bildirdiyinə görə, birinci buraxılış məntəqəsi Əl Oyunları Sarayının yanında olacaq. Orada yalnız biletlər və şəxsiyyət vəsiqələri yoxlanacaq, yalnız vizual baxış həyata keçiriləcək.


İkinci buraxılış məntəqəsi isə Kristal zala təxminən 200-300 metrlik məsafədə yerləşəcək. DİN rəsmisi burada metal və sair əşyalara baxışın reallaşdırılacağını və bunun üçün xüsusi texniki qurğulardan istifadə olunacağı barədə məlumat verib.