PA-nın rəhbəri: “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının bu ilin sonuna qədər hazırlanması nəzərdə tutulur

5 May 2012 16:46 (UTC+04:00)

"Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının bu ilin sonuna qədər hazırlanması nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev məlumat verib. O bildirib ki, burada ölkənin keçdiyi yol, bu illər ərzində uğurları, son illər rellaşdırılan modern dövlət quruculuğu modeli öz əksini tapacaq.

Hazırda "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası üzərində iş gedir. Dövlət qurumları, vətəndaş cəmiyyəti prosesə cəlb olunub. Konsepsiyanın əhatə edəcəyi 8 ildə Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin artırılması nəzərdə tutulur. Azərbaycanın beynəlxalq siyasi səviyyədə fəaliyyətinin gücləndirilməsi, ərazi bütövlüyünün təmini, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-dövlət sektorunun inkişafı, iqtisadiyyatda təbii ehtiyatlar amilinin azaldılması, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, humanitar sahədə mədəniyyətin, idman və s. sahədə tədbirlərin həyata keçirilməsi konsepsiyada əksini tapacaq.

R.Mehdiyev əlavə edib ki, ötən 8 ildə ölkədə 40 mindən artıq müəssisə yaradılıb, 1 milyona yaxın iş yeri açılıb. Büdcə xərcləri 12 dəfə artıb, ölkə iqtisadiyyatına 80 mlrd. dollardan artıq investisiya yatırılıb. Dünyanın 149 ölkəsi ilə xarici ticarət dövriyyəsi 36,3 mlrd. dollar təşkil edib. Bu uğurun nəticəsi olaraq 2008-2009-cu illərin qlobal maliyyə böhranı Azərbaycandan yan keçib. Azərbaycan artıq dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanınır, enerji təhlükəsizliyi sahəsində aparıcı söz sahibinə çevrilib. Bu gün sürətlə dəyişən, sürətli təzahürləri ilə qloballaşan dünyada son dərəcədə mürəkkəb proseslər baş verir. Bütün bunlar mili inkişaf üçün yeni konsepsiyanın yaradılmasını qarşıya qoyur. Azərbaycanın 2020-ci ilədək dövrü əhatə edəcək inkişaf konsepsiyası bu baxımdan mühüm sənəddir. Konsepsiyanın başlıca məqsədi dünyada baş verən maliyyə-iqtisadi böhran, qlobal dəyişikliklər fonunda Azərbaycanın mili maraqlarını qorumaqdır.