Tağı Əhmədov: \"Bu il heç bir metro stansiyasının açılışı gözlənilmir\"

5 May 2012 15:37 (UTC+04:00)

\"Ukrayna şirkətində "Xətai" stansiyasından "Həzi Aslanov" stansiyasına qədər olan ərazidə məsafə verilib və onlar bu ərazidə işlərə başlayacaqlar\". SİA-nın xəbərinə görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib. O bildirib ki, hələlik layihə üzərində işlər gedir. Onun sözlərinə görə, gələn ilin əvvəlindən bu tikinti də başlayacaq. Hazırda 7-8 stansiyada tikintinin getdiyini deyən T.Əhmədov qeyd edib ki, bu ilin sonuna kimi heç bir metro stansiyasının açılışı gözlənilmir.

"Lakin bu ilin sonunda Bakı Metropoliteninin texniki korpusu istifadəyə veriləcək. Bütün dispetçer xidməti oraya köçürüləcək. Köhnə stansiyalardan "28 may" stansiyası bu il bərpa olunacaq. Sərnişin çoxluğu nəzərə alınaraq burada 3 ekskalator 4 ekskalatorla əvəzlənəcək. Bakı Metropoliteninin aldığı yeni metro vaqonları Azərbaycana 2013-cü ildə gətiriləcək", - deyə o əlavə edib.