Əli Həsənov: \"Bizim 907-ci düzəliş çərçivəsində ABŞ-dan hər hansı qrant almağa ehtiyacımız yoxdur\"

5 May 2012 14:35 (UTC+04:00)

"20 ilə yaxındır ki, Azərbaycan ABŞ-ın siyasət planlaşma mərkəzlərinə və dövlət siyasətini həyata keçirən bütün instansiyalarına çatdırmaq istəyir ki, 907-ci düzəliş ədalətsiz bir qərardır və bu məsələdə bizim haqqımız pozulub. Azərbaycan bu qərara layiq deyil. Bu, erməni lobbisinin təzyiqi ilə 1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş qərardır və onu aradan qaldırmaq lazımdır". SİA-nın xəbərinə görə, bu sözləri Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə verdiyi açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzindəki fəaliyyətlə sübut edilib ki, bu qərar sözün həqiqi mənasında ədalətsiz qəbul olunub, PA rəsmisi həmçinin qeyd edib ki, Azərbaycan Ermənistanı blokadaya salmayıb, Ermənistan ozü-özünü blokadaya salıb və Ermənistanla Azərbaycan arasındakı məsafəni işğal edən Ermənistandır: \"Amma hazırda bizim üçün bu qətnamənin heç bir aktuallığı yoxdur. Biz ABŞ-dan heç bir maliyyə, iqtisadi yardım gözləmirik. Buna heç ehtiyacımız da yoxdur. Azərbaycan ABŞ-la bərabərhüquqlu tərəfdaşdır. Əgər bu ölkənin siyasi planlaşdırma mərkəzləri hesab etsələr ki, bu düzəlişi aradan qaldırmaq bundan sonra ABŞ-ın maraqlarına cavab verir, o zaman qaldırarlar. Əks halda biz bunun üzərinə getməyəcəyik. Bizim 907-ci düzəliş çərçivəsində ABŞ-dan hər hansı qrant almağa ehtiyacımız yoxdur\".