Əli Həsənov: “Azərbaycanda söz-mətbuat azadlığı, insan hüquqlarının vəziyyəti Avropa ölkələrinin heç birindən geridə deyil\"

5 May 2012 13:50 (UTC+04:00)

"Təəssüflər olsun ki, son zamanlar Qərb mətbuatı Azərbaycanın həddindən artıq qeyri-demokratik, siyasi plüralizmin olmadığı, insan haqlarının pozulduğu, mətbuat, söz azadlığının təzyiqlər altında olduğu bir dövlət olması ilə bağlı rəy yaradır". SİA-nın xəbərinə görə, bu sözləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə verdiyi açıqlaması zamanı bildirib.

"Mayın 2-də bununla bağlı çox ciddi müzakirələr keçirdik, çünki Avropa Yayım Birliyinə çox ciddi təzyiqlər var ki, illərlə-aylarla xarici təşkilatların, daxildə bəzi qüvvələrin, siyasi partiyaların, QHT-lərin, jurnalistlərin Azərbaycanla bağlı təzyiqlərinin reallaşmasına yardım göstərsin. ölkəmizə təsir göstərərək bu və digər məsələlərdə Azərbaycanı güzəştə sövq etsin",- deyə PA rəsmisi qeyd edib.


"Cenevrədə çıxışlarım zamanı mən onları inandırmağa çalışdım ki, Azərbaycanda söz-mətbuat azadlığı, vətəndaş cəmiyyətinin, insan hüquqlarının vəziyyəti Avropa ölkələrinin heç birindən geridə deyil. Lakin bəzi hallar var ki, onlardan heç bir cəmiyyət sığortalanmayıb. Belə hallara qarşı Azərbaycan hakimiyyəti qərarlıdır, mübarizə aparır, bundan sonra da aparacaq. Dünyanın hər yerində qətlə yetirilən və təzyiq göstərilən jurnalistlər var, amma dövlətin iradəsi demokratiyaya, insan haqlarına istiqamətlənibsə, bu dövlətdə söz-mətbuat azadlığının vəziyyəti normal olmalıdır"-deyə Əli Həsənov qeyd edib.


PA rəsmisinin sözlərinə görə, Cenevrədə ümumi qənaət ondan ibarət olub ki, "Eurovision"nun Azərbaycanda keçirilməsi siyasiləşdirilməsin, bu hansısa proseslərə bağlanılmasın: "Eurovision" ərəfəsində Azərbaycan hakimiyyəti də söz verir ki, ölkəyə gələn bütün jurnalistlərə şərait yaradacaq. Burada söz, mətbuat azadlığı necə təmin olunubsa, bundan sonra da təmin olunacaq. Bundan sonra da Azərbaycan hakimiyyəti qərb ölkələri ilə qarşılıqlı əməkdaşlığı davam etdirəcək və jurnalistlərin peşəkarlaşması istiqamətində səylərimizi davam etdirəcəyik",-deyə Əli Həsənov sözlərinə əlavə edib.