Nuşirəvan Məhərrəmli: “Space” telekanalına qarşı sərt tədbirlər görüləcək" - MÖVQE

4 May 2012 23:28 (UTC+04:00)

Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) xarici serialların yayımının dayandırılması ilə bağlı qərarına məhəl qoymayan "Space" telekanalına qarşı sərt tədbir görəcək. Bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, Azərbaycandakı telekanalların əksəriyyəti MTRŞ-nın mayın 1-dən xarici serialları dayandırmaqla bağlı qərarına əməl edib: "Yalnız "Space" telekanalı ilə bağlı problem var. Bu problem də qanunauyğun şəkildə həll ediləcək. Şura mayın 7-də bu məsələni ciddi şəkildə müzakirə edib qanuna uyğun olaraq telekanala qarşı cəza tədbiri görəcək".


N.Məhərrəmli bildirib ki, bu cür hallar qətiyyən yolverilməzdir və heç bir telekanal bu metodlardan istifadə edə bilməz: "Bu metodlar onlara xeyir gətirməz".


"Space" telekanalının icraçı direktoru Kamil Şahverdiyev isə bildirib ki, MTRŞ-dan kanala bununla bağlı müraciət olunub. İcraçı direktor hər hansı açıqlamanı MTRŞ nümayəndələri ilə görüşdən sonra verə biləcəyini deyib.