Kaspi Təhsil Mərkəzinin 5 illik yubileyi keçirilib

4 May 2012 19:54 (UTC+04:00)

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan təhsil sahəsində yenilikləri ilə seçilən "Kaspi" Təhsil Mərkəzinin 5 illik yubileyi qeyd olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə əvvəlcə mərkəzin fəaliyyəti, gördüyü işləri əks etdirən film nümayiş olunub.

"Kaspi" Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva tədbir iştirakçılarına mərkəzin yaranması tarixi barədə ətraflı məlumat verib, 5 illik fəaliyyət dövrünə nəzər salaraq ötən müddətin nailiyyətlərlə yadda qaldığını vurğulayıb. Şirkətlər qrupunun rəhbəri bugünkü yubiley tədbirinin hesabat xarakterli olduğunu qeyd edib. S.Vəliyeva bildirib ki, mərkəzin yaradılmasında məqsəd təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən bir sistem yaratmaq olub.

Mərkəzin təsisçisi rəhbərlik etdiyi qurumun əsas vəzifələrinin Azərbaycan vətəndaşlarına xarici dilləri mükəmməl öyrətmək, kompyuter biliklərini genişləndirmək, beynəlxalq arenaya inteqrasiyanı sürətləndirmək olduğunu qeyd edib. Xanım Sona Vəliyeva bildirib ki, hazırda "Kaspi" Təhsil Mərkəzində dünya standartlarına cavab verən magistr, xaricdə təhsil, məktəbəqədər və abituriyent hazırlıqları şöbələri fəaliyyət göstərir. O, 5 il ərzində müxtəlif yaş qrupundan olan minlərlə tələbənin "Kaspi"də ingilis və rus dillərini öyrəndiyini, "Azercell"in jurnalistlər üçün ingilis dili kursları layihəsi çərçivəsində 30-dan çox jurnalistin ingilis dili hazırlığı keçdiyini diqqətə çatdırıb.

Sona Vəliyeva 5 ildə mərkəzin xaricdə təhsil şöbəsinin 100-dən çox tələbənin xarici ölkələrin aparıcı universitetlərinə qəbul olunmasına nail olduğunu, hazırda "Kaspi"nin dünyanın 120-dən çox nüfuzlu universiteti ilə əməkdaşlıq etdiyini deyib.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Gülər Əhmədova və başqaları "Kaspi" Təhsil Mərkəzinin həyata keçirdiyi layihələrdən, 5 ildə mərkəzin Azərbaycanın təhsil sahəsinə verdiyi töhfələrdən danışıblar.

"Kaspi" Təhsil Mərkəzi 2007-ci il mayın 4-dən fəaliyyət göstərir.


\"\"