Şirvanda sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb - FOTO

4 May 2012 18:22 (UTC+04:00)

Şirvanda sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, hadisə Şirvan şəhərinin Heydər Əliyev prospektində baş verib. Şirvan sakini sürücü 1961-ci il təvəllüdlü Rəsulov Mayıl Ağalar oğlunun idarə etdiyi "Kamaz" markalı 18 BD 483 nömrəli yük maşını ilə sürücü 1950-ci il təvəllüdlü Hacıyev Yusifəli Əsgər oğlunun idarə etdiyi 18 BC 908 nömrəli sərnişin daşıyan 6 saylı şəhər daxili mikroavtobus toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 3 nəfəri 1970-ci il təvəllüdlü Novruzova Zemfira Böyükxan qızı, 1981-ci il təvəllüdlü Məmmədova Məlahət Tofiq qızı və 1981-ci il təvəllüdlü Ağamalıyev Fuad Fikrət oğlu xəsarət alaraq Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumat üçün bildirək ki, həmin mikroavtobusu 2 nəfər sürücü yaşlı və gənc oğlan idarə edir. Hadisəni törədən sürücü yox, digər gənc sürücü həmin mikroavtobusla dəfələrlə Şirvan şəhərinin müxtəlif ərazilərində insan həyatı üçün ciddi təhlükə yaradan manevrlər edir. Həmin mikroavtobusun üzərindəki dövlət nişan nömrəsi də həmin avtomobilə məxsus deyil. Lakin hadisə zamanı mikroavtobusun üzərində 18 BC 908 nömrə nişanı olub.

Qeyd edək ki, faktla bağlı istintaq aparılır.



İqbal Mikayılov