\"Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu\" mövzusunda konfrans keçirilib  - FOTO

4 May 2012 16:57 (UTC+04:00)

Gəncədə "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, konfransdan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. Ardından konfrans öz işinə başlayıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev dahi siyasi xadim Heydər Əliyevin azərbaycançılıq ideyalarının təbliğində gördüyü işlərə nəzər salıb. Bildirilib ki, ölkəmizin inkişafında, dünya dövlətləri arasında söz sahibi olmasında və bu istiqamətdə gənclərin fəallığının artırılmasında ümummilli liderin misli görünməyən xidmətləri olub. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması dahi siyasi xadimin fəaliyyəti dönəmində xüsusi prioritetlərindən biri sayılıb.


Konfransda digər natiqlər də söz alaraq böyük siyasi xadimin gənclər üçün həyata keçirdiyi tədbirlərdən bəhs edib. Ölkənin gələcəyinin məhz gənclərin əlində olduğunu dəfələrlə bəyan edən ulu öndərin daima gənc nəslin savadlı və bilikli yetişməsi üçün böyük səy göstərdiyi vurğulanıb.


Bildirək ki analoji konfrans ölkənin digər rayonlarında da təşkil ediləcək.



İlham Məmmədov