TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlərə müraciət edib

4 May 2012 12:21 (UTC+04:00)

Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalıdır. TQDK-dan SİA-ya verilən xəbərə görə, abituriyentlər onu təsdiq etdirməli və seçdikləri ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) mayın 1–dən 18-dək komissiya tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə turda iştirak etməli və müvəffəqiyyət qazandıqları təqdirdə qeydiyyatdan keçməlidirlər.

Seçmə tur Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Teatr, kino və xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə keçirilir. QİK-lər ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan və Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki şəhərlərində və Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Bakı şəhərində 6, regionlar üzrə isə 6 tədris müəssisəsində Qabiliyyət İmtahanı Komissiyası təşkil olunub. Qabiliyyət imtahanlarının cədvəli yaxın vaxtlarda TQDK-nın internet saytında veriləcək.