Çingiz Qənizadə: “Freedom House”-nin Azərbaycana münasibətinin arxasında siyasi səbəblər var\" - MÜSAHİBƏ Səs TV

3 May 2012 18:45 (UTC+04:00)

Dünən Amerika Birləşmiş Ştatlarının \"Freedom House\" beynəlxalq mediya təşkilatının tərtib etdiyi cədvəldə Azərbaycan \"azad olmayan ölkə\" kimi 172-ci sırada yerləşdirilib. Ölkəmiz haqqında səsləndirilən bu fikrin əsaslı səbəblərinə, ümumiyyətlə, Azərbaycanla bağlı beynəlxalq aləmdə qərəzli fikirlərə Səs Tv-də yayımlanan \"Gündəm\" rubrikasının qonağı, millət vəkili Çingiz Qənizadə aydınlıq gətirib.


- Dünən \"Freedom House\" təşkilatı yaydığı hesabatla Azərbaycanı \"azad olmayan ölkə\" kimi təqdim edib və bununla da növbəti dəfə Azərbaycana qarşı qərəz nümayiş etdirib. Sizcə, Azərbaycana qarşı belə qərəzli münasibətin arxasında dayanan səbəblər nədir?

- Əvvəla qeyd edim ki, bu cür məlumatlar gözlənilən idi. Çünki bir sıra beynəlxalq təşkilatların Azərbaycan haqda həqiqətdən uzaq fikirlər səsləndirməsi artıq adət halını alıb. Biz hər dəfə yayılan bu cür məlumatlara öz münasibətimizi bildirir və qeyd edirik ki, belə məlumatları səsləndirən qeyri-hökumət təşkilatları ayrı-ayrı siyasi qurumların, hakim dairələrin, donor təşkilatlarının tabeliyindədir. Çünki lazımi məqamlarda böyük dövlətlərin siyasi kurslarına uyğun fikirlər səsləndirilməsi kimi hallarla tez-tez qarşılaşırıq. Bir məqama diqqət çəkmək istərdim. Hazırda Ermənistanda 55 nəfər rəsmən siyasi məhbus var və Avropa Şurasında da bu yaxınlarda bu məsələ qaldırıldı. Digər bir misal, Ermənistanda 2008-ci il prezident seçkilərindən sonra keçirilən etiraz aksiyası zamanı 10-dan çox müxalifət təmsilçisi öldürüldü. Bu məsələlər nə qədər qabardılsa da Ermənistana qarşı heç bir təsiredici qərar qəbul olunmadı. Burada ölkələri bağlayan müəyyən siyasi əlaqələrdən də söhbət gedir. Azərbaycana qarşı hər zaman dünya praktiksında ikili mövqe nümayiş olunub. Biz ölkəmiz haqda hansısa fikirlər səsləndirilməsinə pis münasibət götərmirik, yəni tənqid edilmək qəbul olunmayan bir şey deyil. Lakin biz belə təşkilatlara məlumatlarını yaymamışdan əvvəl bir sıra qeyri hökumət təşkilatlarına, siyasi partiya üzvlərinə müraciət etmələrini və əldə etdikləri məlumatları faktlara əsaslandırmalarını məsləhət görürük. Bu yaxınlarda Almaniyada Sərhədsiz Reportyorlar təşkilatının Berlin bürosunda görüşdə iştirak etdik. Bizə Azərbaycanda 5 jurnalistin siyasi məhbus kimi həbs edildiyini dedilər. Həmin jurnalistlərin adlarını tələb edən zaman təqdim olunan siyahı təəccüb doğururdu. Belə ki, onlar özləri də gördülər ki, ümumiyyətlə, həmin adlar arasında jurnalist kimi fəaliyyət göstərən bi nəfərin belə adı yoxdur. Onlardan 3-ü narkotika üzrə, 1-i dələduzluqla, digəri isə başqa bir vəziyyətlə əlaqədar həbs edilib. Lakin maraqlı olan orasıdır ki, mən bu məlumatları haradan əldə etdiklərini soruşduqda cavab da sarsıdıcı oldu. Onlar bizə bu məlumatı Azərbaycanda fəaliyyət götərən qeyri-hökumət təşkilatı vasitəsilə əldə etdiklərini dedilər. Ölkəmizdə həqiqəti yaymağa hazır olan bir çox təşkilat olduğu halda, bir neçə siyasi partiyanın görünməyən üzvü kimi çıxış edən təşkilatlar da var. Onlar ölkəmizin beynəlxalq aləmdəki imicini zədələməyə, siyasi məqsədlərini həyata keçirməyə, ölkədə gedən hansısa problemli prosesi qızışdırmağa və beynəlxalq təşkilatların guya Azərbaycana təsir göstərə bilməsindən istifadə etməyə çalışırlar. Bu isə təbii ki, qeyri-mümkündür. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, \"Freedom House\" təşkilatının Azərbaycanı \"azad olmayan ölkələr\" sırasına daxil etməsinin arxasında siyasi faktlar dayanır. İlk olaraq, Ermənistan hər zaman Azərbaycanın azad ölkə olmadığını və bu səbəbdən də Dağlıq Qarabağı Azərbaycana verə bilməyəcəyini, azərbaycanlılarla bir arada yaşaya bilməyəcəklərini qeyd edir. Bütün bunların arxasında Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə mane olmaq səbəbi dayanır. Digər bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna mane olmaq, ölkənin uğurlarını, nailiyyətlərini gözdən salmaq da məqsədlər arasındadır. Təbii ki, ölkə prezidenti tərəfindən yeridilən uğurlu və müstəqil siyasət bir sıra dövlətlər tərəfindən müsbət qarşılanmır. Ona görə də qısqanclıq və gözügötürməzlik hissləri də Azərbaycan haqqında bu cür fikirlər səsləndirilməsinə səbəb olur. \"Freedom House\" təşkilatının da açıqladığı siyahıda Azərbaycanın adının olması sadəcə, gülünc nəticədir.


- Çingiz müəllim, Eurovisiona artıq sayılı günlər qalıb. Azərbaycanla bağlı bəzi dairələrin və beynəlxalq təşkilatların reallıqdan uzaq fikirlər səsləndirməsinin, siyasi məhbuslar məsələsinin gündəmə gətirilməsinin əsas səbəbi nədir, Azərbaycana olan qısqanclıq hissləri, yoxsa burada başqa amillər var?

- Qeyd etdiyim kimi, bu gün Azərbaycan sürətli inkişaf xətti üzrə irəliləyir və beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Eyni zamanda Azərbaycanın müstəqil siyasəti, iqtisadi inkişafı, təkcə Cənubi Qafqazda deyil, dünyada söz sahibinə çevrilməsi bir sıra dövlətləri qane etmir. Bəzi dövlətlərin həm dini, həm iqtisadi, həm də siyasi maraqları üst-üstə düşmədiyindən Azərbaycana qarşı yaranmış bütün imkanlardan istifadə etməklə qərəzli mövqe nümayiş etdirməyə çalışırlar. Elə \"Eurovision\" öncəsi ölkədə baş verənlər də buna misaldır. Çünki iki gəncimizin uğurları nəticəsində halallıqla qazandığımız qələbə və ölkəmizin ev sahibliyi etmə şansı bir sıra dövlətlər tərəfindən çətin qəbul edilir. Elə buna görə də mədəniyyət hadisəsi olan \"Eurovision\"un Azərbaycanda keçirilməsi artıq gündəmdə siyasi müzakirə mövzusuna çevrilib. Ən təsirli olan da öz içimizdə olan radikal müxalifət nümayəndələrinin və bəzi təşkilatların bir neçə ay öncə bu məsələyə baykot çağırışları və mitinqlər təşkil olunması oldu. Eurovisionla bağlı artıq siyasi bəyanatlar verilməyə başladı və bu hadisəni siyasiləşdirməklə Azərbaycana qarşı yaranmış bütün fürsətlərdən istifadə etməyə çalışdılar. Bu, birmənalı şəkildə pislənməlidir və musiqi festivalının siyasiləşdirilməsi dünya ölkələri tərəfindən də qəbul olunmayan fikirdir. Lakin özləri də bilirlər ki, bu cəhdlərin heç bir müsbət nəticəsi olmayacaq və bu müsabiqə Azərbaycanda yüksək səviyyədə keçiriləcək.


- Ümumiyyətlə, Azərbaycanda insan hüquqlarının və demokratik mühitin vəziyyətini necə şərh edərdiniz?

- Bilirsiniz Azərbaycanda bir hadisə baş verən zaman bunu ölkənin siyasi xətti kimi nümayiş etdirirlər. Lakin dünya ölkələrində baş verən hadisələr kimlərinsə üzərinə atılaraq ölkənin siyasi xətti kimi göstərilməkdən kənarlaşdırılır. Məsələn, Almaniyada 1 may nümayişi zamanı dinc vətəndaşların və jurnaıistlərin döyülməsi, əllərinin bağlanması kimi bir sıra halları mətbuatdan izlədik. Bu yaxınlarda yenə Almaniyada 21 yaşlı bir türk gənc öldürülüb, rus və ərəb mənşəli iki gənc isə ağır yaralanıb. Biz bu vəziyyəti Almaniyanın irqçiliklə bağlı yeritdiyi siyasət kimi qiymətləndirmir, sadəcə, hansısa yaramaz vətəndaşın cinayəti olduğunu qeyd edirik. Lakin bizdə ən xırda bir hadisə belə milli ayrıseçkilik, dini dözümsüzlük kimi qiymətləndirilir və ölkəmiz haqda yanlış imic formalaşdırılması üçün sanki fürsət güdülür. Əgər bu gün çox sayda mətbuat orqanları fəaliyyət göstərə bilirsə, dövlət başçısının siyasəti tənqid oluna bilirsə, ayrı-ayrı vəzifəli şəxslərin fəaliyyətlərindəki bütün mənfi xüsusiyyətlər açıq-aşkar göstərilirsə bu azadlığın və demokratiyanın bariz nümunəsidir. Lakin tənqid təhqirə çevrildikdə təbii ki, qanun çərçivəsində müdaxilə də, qarşısının alınması da normaldır.