Telemütəxəssis: “Xarici teleserialların birdən-birə dayandırılması kanallarda boşluq yaradacaq” -MÜSAHİBƏ

3 May 2012 18:10 (UTC+04:00)

Bu günlərdə yerli telekanallardan xarici serialların dayandırılması məsələsi mütəxəssislər və ya tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı. Telemütəxəssis Qulu Məhhərmli il əməsələ ilə bağlı fikirlərini SİA-ya verdiyi müsahibəsində bölüşüb.


- Qulu müəllim, bildiyiniz kimi, bu günlərdə ölkə televiziyalarında xarici teleserialların yayımı dayandırıldı. Sizin fikrinizcə, bu addımın hansı müsbət və ya mənfi nəticələri ola bilər?


- Son illər ölkədə serial bazarını stimullaşdırmaq, onun inkişafına əlavə vəsait yaratmaq və bu kimi digər cəhdləri yüksək qiymətləndirmək olar. Amma serialların bu gün Azərbaycan televiziyalarında dayandırılması çox yarımçıq və tələsik addımdır. Bu il proses mərhələ-mərhələ həyata keçirilməli idi. Çünki bu serialların dayandırılması olduqca solğun olan Azərbaycan televiziya məkanını bir az da solğunlaşdırıb. Yerli televiziya kanallarına baxan insanların sayı olduqca azdır. Hazırda Azərbaycan əhalisinin təxminin 20%-ə yerli televiziya kanallarına baxır. Bu gün tamaşaçıları yerli televiziya kanallarına bağlayan məhz teleseriallardır. Lakin xarici teleserialların dayandırılması bu körpünü daha da qırır, çünki onların hesabına yerli kanallara və məlumatlara baxılır. Buna görə də xarici teleserialların birdən-birə dayandırılması kanallarda boşluq yaradacaq. Yaxın aylarda televiziya mövsümü dayanır, ictimai-siyasi proqramların sayı azalır, bu zaman isə kanallarda daha çox serial, musiqi proqramları yayımlanır. Bəs həmin dövrdə televiziyalar verməyə nə tapacaq? Hesab edirəm ki, bu gün ölkədə serialların yerli televiziya bazarı yoxdur. Lakin indi-indi yüksələyən serial bazarının çox düzgün yolla inkişaf edəcəyinə innaırıq. Düşünürəm ki, bu sahədə dövlət proqramı olmalıdır.


- Bu gün serial bazarında mövcud problemlər əsasən nədən ibarətdir və onları necə həll etmək olar?


- Çox ciddi problem televiziyaların serial çəkilişinə cəlb olunmasıdır. Dünyanın heç bir yerində televiziyalar özləri serail çəkmir. Bunun üçün istehsal studiyalar var ki, orada seriallar istehsal olunur və televiziyalar onu müəyyən məbləğdə pulla alaraq göstərir. Bu sahədə Rusiya, Türkiyə təcrübəsindən öyrənmək lazımdır. Nə qədər ki, serail bazarı formalaşmayıb, bu addımı atmaq çox tələsikdir və efirdə müəyyən bir boşluq yaradacaq. Bəzi televiziyalar öz qabaqlayıcı tədbirlərini görürlər. Bir çox kanalların özlərinin filmləri, serialları istehsal olunur. Amma bir çox televiziyalar efirində yayımlanan xarici seriallar hesabına tamaşaçı auditoriyası toplayırdı. Bundan sonra, necə olacağını, hansı addımların atılacağını düşünmək çox çətindir. Bəlkə də möhlət vermək lazımdır ki, yeni mövsümün başlayacağı oktyabr ayına kimi seriallarını dayandırılmasına şansı vermək lazım idi. Birdən-birə kəskin dönüş yaratmaq televiziyaların üçün də gözlənilməz addımdır.


- Bir sözlə, bugün ölkədəki serialların səviyyəsi sizi qane edirmi?


- Yerli teleserialların istehsalı aşağı səviyyədədir, peşəkar deyil. Nə qədər ki, ölkədə serial çəkilişi xarici menecer, produsser səviyyəsinə gəlməyəcək, azad bazar, sərbəst maliyyə axını olmayacaq, o zaman kimi bizim serial çəkilişi ilə bağlı həmişə problemlərimiz olacaq. Bizim tamaşaçıları televiziyaya bağlayan yeganə körpü seriallar idi. O da qırılandan sonra tamaşaçılar yerli kanallardan təmamilə üz döndərəcək və kabel televiziyalarına üz tutacaq.