Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gedir

3 May 2012 12:42 (UTC+04:00)

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 4-dən 8-dək Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdə olacaq. SİA-nın xəbərinə görə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, səfər zamanı nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Şeyxlə, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri və ölkənin digər rəsmi şəxsləri ilə bir sıra görüşləri nəzərdə tutulub: \"Burada keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, qanunvericilik sahəsində təcrübə, informasiya mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Milli Məclisin nümayəndə heyəti Şura Məclisinin fəaliyyəti ilə yaxından tanış olacaq, Məclisin iclasında iştirak edəcək. Səfər müddətində deputatlarımız Ciddə və Mədinə şəhərlərində olacaq, buradakı müqəddəs yerləri ziyarət edəcəklər\".

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlar Fəttah Heydərov, Sahibə Qafarova, İmamverdi İsmayılov, Çingiz Əsədullayev, Aydın Mirzəzadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.