\"Səs\" qəzeti Ulu Öndərin anadan olmasının 89-cü ildönü ilə əlaqədar dəyirmi masa keçirib - FOTOLAR

2 May 2012 19:21 (UTC+04:00)

Bu gün \"Səs\" qəzetinin redaksiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cü ildönü münasibətilə dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "Səs" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, "İki Sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, iqtisadçı Aydın Hüseynov, YAP-ın xarici əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev və bir sıra mətbuat nümayəndələri iştirak edib.

Tədbiri giriş sözləri ilə açan Bəhruz Quliyev dəyirmi masanın əhəmiyyəti haqda ətraflı məlumat verib: "Bildiyimiz kimi, "Səs" qəzetinin redaksiyasında ölkəmizdə aktual olan mövzulara mühüm hadisələrə həsr edilmiş ənənəvi dəyirmi masalar keçirilir. Bu günkü dəyirmi masanın mövzusu isə Ulu Öndərimizin anadan olmasının 89-cu ildönümünə həsr edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, sözün əsl mənasında, bütün ömrünü öz xalqına həsr etdi. Bu gün qazanılan hər bir uğur, hər bir nailiyyət ulu öndərin zamanında istiqamətləndirdiyi uğurlu siyasi kursun və strategiyanın məntiqi nəticəsidir. Məhz bu gün həmin müdrik siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Burada toplaşmaqda əsas məqsədimiz ulu öndərin hakimiyyətdə olduğu illərin keşməkeşli, həm də uğurla müşaiət olunan dövrü haqda ətraflı məlumatı diqqətə çatdırmaqdır. Müqayisəolunmaz siyasəti ilə Azərbaycanın bugünkü inkişafına zəmin yaradan ulu öndərin keçdiyi tarixi inkişaf yolunun əzab-əziyyətləri hamımıza məlumdur. Lakin bunu həmin dövrün şahidlərinin dilindən eşitmək tarixi sanki yenidən yaşadır. Ulu öndərin 1969-cu ildən bəri yeritdiyi siyasət, verdiyi qərarlar, qarşılaşdığı çətinliklər barədə bütün həqiqətləri dinləmək, mətbuatda işıqlandırmaq tədbirimizin əsas məqsədidir".

Mövzu ilə əlaqədar ilk çıxış edən millət vəkili Eldar İbrahimov Ulu Öndərin siyasi fəaliyyəti boyunca üzləşdiyi çətinliklər qarşısında göstərdiyi mətinliyi belə izah edib: "1969-cu ilə qədər Azərbaycan SSRİ tərkibində ən geridə qalmış respublikalardan biri idisə, ulu öndər 1969-cu ildə Mərkəzi Komitənin birinci katibi seçildikdən sonra ölkə 12 dəfə "Keçici Qırmızı Bayrağa" layiq görülmüşdü. Bu da ulu öndərin bu ölkə üçün verdiyi əməyin açıq nəticələri idi. Azərbaycan həmin dövrə qədər sənayesi məhv olmuş bir ölkə idi. Lakin ulu öndər həmin dövrdə 1 milyon ton pambıq, 2 milyon ton üzüm istehsal olunmasına nail oldu. Bütün bunlar aqrar sahədəki inqilabın göstəriciləri idi. Mən də bu ərəfələrdə bir gənc kimi ulu öndərin həyat və siyasi fəaliyyətini izləyir, onun varlığını Azərbaycanın fəxri kimi qiymətləndirirdim. 1990-cı illərdən məlum səbəblərdən ulu öndər Moskvadan Naxçıvana gəlmişdi. Naxçıvan əhalisi onu çox böyük bir həvəs və sevinclə qarşılamışdı. Həmin dövrlərdən başlayan ən keşməkeşli müddətdə ulu öndərin ən yaxınında olanlardan biri də mən olmuşam".

Bəhruz Quliyev:

- Məlum olduğu kimi, 1987-1990-cı illər ərzində ulu öndərin həyatında gərgin anlar yaşanırdı. Bu barədə mətbuatda və digər mənbələrdə məlumatlar kifayət qədər deyil. Ulu öndərlə yaxından təmasda olan insanlar həmin illərdə yaşananların şahidi olublar.

Növbəti çıxışı 1987-1990-cı illərdə ulu öndərin həyatındakı çətin və ağrılı dövrün şahidi və onun yaxın silahdaşlarından olan YAP İdarə Heyətinin üzvü Kərim Kərimov edib: "Heydər Əliyevin çox sevdiyi və qiymətləndirdiyi "Səs" qəzetində təşkil olunmuş dəyirmi masada iştirak etmək və burada ulu öndərlə bağlı xartirələrimi bölüşmək xoşdur. Heydər Əliyevin həyat fəaliyyətini obrazlı şəkildə ifadə etsək bir dəryaya bənzədərdim. Bu nə çıxışlarda, nə müşavirələrdə, nə də kitablarda əhatəli izah oluna bilməz. Partiya yaradılan gündən etibarən hər ay İdarə Heyətinin iclası keçirilirdi və burada Ulu Öndərlə birgə iştirak edənlər sırasında mən də var idim. Bu iclaslarda ulu öndər yalnız partiya məsələlərini deyil, eyni zamanda xalqın vəziyyəti, hakimiyyətin üzləşdiyi çətinliklər və bir sıra digər məsələri müzakirəyə çıxarır, bizə də öz sözümüzü deməyə imkan verirdi. Bir sıra kitablarda və çıxışlarda mən Heydər Əliyevin həyat fəaliyyətinin yüksələn xətt üzrə təsvir olunması cəhdini görürəm. Dünya səviyyəli siyasətçi olan ulu öndərin fəaliyyətində yüksələn xətt üzrə inkişaf vardı, lakin onun həyatının eniş-yoxuşu, ağrısı-acısı ifadəolunmaz olub. Həm Siyasi Büronun üzvü, həm də Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyev bir vaxtlar SSRİ-də Qorbaçov və Rıjkovdan sonra 3-cü önəmli şəxs idi. Bu vəzifələrdən sonra təqayüdə çıxdığı dövrlərdə Ulu Öndər istər maddi, istər mənəvi cəhətdən müxtəlif çətinliklərlə üzləşib. Lakin o heç zaman öz gücündən, mətinliyindən, cəsarətindən pay verməyib. 1987-1993-cü illər ulu öndərin vəzifələrindən kənarlaşdırılmasından ikinci dəfə ali hakimiyyətə gələnə qədərki dövrü əhatə edir. Bu gün Azərbaycan xalqı sahib olduğu müstəqilliyə, yüksələn xətt üzrə inkişaf edən isqtisadiyyata, siyasətə, bütün uğurlara görə Ulu Öndərə borcludur. Bu gün mövcud olan şəraitdə hansısa uğurlar qazanmaq asan ola bilər. Lakin ulu öndərin hakimiyyəti dövründə vəziyyət tamam fərqli idi. Azərbaycan xalqı hər zaman onların taleyini bu qədər düşünən bir liderləri olduğu üçün sevinməli və qürur hissi duymalıdırlar".

Daha sonra çıxış edən "İki sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bugünkü Azərbaycanın müstəqilliyimizin möhkəmlənməsi və lider dövlətə çevrilməsinin məhz Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsi olduğunu qeyd edib: "İlk öncə, "Səs" qəzetinə təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, ulu öndərimiz Heydər Əliyevlə bağlı belə bir dəyirmi masa keçirir və biz də yaranmış bu şəraitdən istifadə edərək, ulu öndərimiz haqqında öz fikirlərimizi söyləyə bilirik. Çünki Heydər Əliyev dediyimiz zaman Azərbaycan, Azərbaycan dediyimiz zaman isə Heydər Əliyev başa düşülür. Burada Azərbaycanın keçdiyi təlatümlü yollardan danışılır və geniş fikir mübadiləsi aparılır. Həqiqətən də, həmin dövrlər çox ağır və məşəqqətli idi. Belə ağır şəraitdə ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalq tərəfindən böyük sevgi və məhəbbətlə qarşılanırdı. Çünki Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış bir partiya idi. İstər Yeni Azərbaycan Partiyasının yaranması, istərsə də ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı - bu amillərin hər ikisi məhz xalqın çətinlikdən qurtuluşu, xilası demək idi. Azərbaycanın xilasını Ulu Öndərin timsalında axtaran 91 nəfər ziyalısının sırasına olmağımla qürur duyuram. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələb və istəyi ilə 1993-cü il iyun ayının 15-də Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Bundan sonra ölkədə hərtərəfli islahatlar aparıldı. Belə ki, Azərbaycan müstəqilliyinin inkişaf etdirilməsi və beynəlxalq aləmdə lider dövlətə çevrilməsi istiqamətində böyük addımlar atdı. Azərbaycan bu gün Heydər Əliyev siyasətinin uğurlu inkişafı nəticəsində artıq lider dövlətə çevrilib və regionda öz sözünü deyən ölkə kimi böyük layihələrin həyata keçirilməsində uğurlara imza atmaqdadır".

Səs Tv-nin əməkdaşı: "Vüqar müəllim, bildiyimizə görə, siz gənc bir jurnalist olaraq ulu öndərlə görüşmək üçün Naxçıvana getmisiniz. Həmin görüşdə ulu öndərin Azərbaycan haqqında dediyi fikirləri və sizin həmin görüş barədə xatirələrinizi bilmək istərdik.

Vüqar Rəhimzadə: "Böyük məmuniyyətlə, mən Ulu Öndərlə görüşüm və təəssüratlarım barədə həmin xatirələri sizlərə çatdıraram. Ümumiyyətlə mən bu fikri hər zaman səsləndirmişəm ki, ulu öndər doğum tarixi olan, ölüm tarixi olmayan bir şəxsiyyətdir. O qəlblərdə əbədiləşmiş bir şəxsiyyət olub. Ulu öndər Naxçıvanda Ali Məclisin sədri olan dövrdə mən çox gənc idim. Bəli, ulu öndəri görmək üçün Bakıdan Naxçıvana getmişdik. Mən ulu öndərlə görüşmək istəyən yüzə qədər insanın arasında idim. Siyahıda olan insanların arasından Ulu öndərin məni seçib görüşmək istədiyini bildirməsi mənim üçün böyük fəxr idi. Ulu öndər bizimlə xeyli söhbət etdi. Bu söhbət ərəfəsində dahi siyasətçi Azərbaycan və Azərbaycan mətbuatı haqda dəyərli fikirlər səsləndirdi. Ümumiyyətlə, ulu öndər istənilən sahə ilə bağlı qərar verməzdən əvvəl əlaqəli şəxsləri dinləyir, cəmiyyətin həmin sahə ilə bağlı təbəqəsinin fikirlərini nəzərə alırdı. Onun üçün hər kəsin fikri xüsusi önəm daşıyırdı. Bu gün Azərbaycanda uğurla davam etdirilən gənclər siyasətinin bünövrəsi elə o dövrlərdən qoyulmuşdu. Mən bir gənc olaraq ulu öndərlə görüşə bildiyim üçün sevinirdim. Amma bu həm də o dahi şəxsiyyətin yeritdiyi siyasətdən bir neçə saatlıq da olsa tövsiyyələr eşidə bilmək idi. Onun ideyaları hər bir azərbaycanlı üçün dəyərlidir. Mən də bu görüş çərçivəsində ulu öndərin dediyi hər bir fikri məsləhət kimi dinləyir və yaddaşıma həkk edirdim. Azərbaycan mətbuatının inkişafı yollarını bizə başa salan, gənc olmağımıza baxmayaraq çatışmazlıqları bizlərdən soruşan ulu öndər elə bir şəxsiyyətə sahib idi ki, onu tam ifadə etmək nə bu gün, nə də gələcəkdə mümkün olmayacaq. Heydər Əliyev hakimiyyətdə olduğu illərdə Azərbaycanın sənaye ölkəsinə çevrilməsində, hərbi potensialın güclənməsində, kadr potensialının hazırlanmasında və s. proseslərdə uğurlar müşayiət olundu. Etiraf edək ki, 1990-cı illərdə Azərbaycanda ictimai-siyasi vəziyyət elə bir hal almışdı ki, ölkənin məhv olma təhlükəsi yaranmışdı".

Həmin dövrün iqtisadi vəziyyəti ilə bağlı çışıx edən Aydın Hüseynov da öz növbəsində ulu öndərin hakimiyyətə gəlişini Azərbaycan xalqının qurtuluşu adlandırıb: "Heydər Əliyev müasir dünyanın ən nəhəng siyasi xadimlərindən və şəxsiyyətlərindən biridir. Heydər Əliyevin 1969-cu il fəaliyyətinə ayrıca nəzər salsaq o artıq general idi. Heydər Əliyev 1969-cu ildən bu yana fəaliyyətdə olmasaydı belə, onun xidmətləri bu gün də çox böyük hörmətlə, ehtiramla yad ediləcəkdi. 1993-cü ildən etibarən Heydər Əliyev hakimiyyətə yenidən qayıtmaqla Azərbaycan iqtisadiyyatını tənəzzüldən, yeraltı və yerüstü sərvətlərimizi xarici güclərin caynağından qurtara bildi. 1992-ci ilin Azərbaycanında çətin vəziyyət hökm sürürdü. Ulu öndər hakimiyyətə gəlməklə xalqın inamını özünə qaytardı. Həmin illərdə AXC-Müsavat hakimiyyətindən bizə boş büdcə miras qalmışdı. Valyuta ehtiyatlarından söhbət gedə bilməzdi. Azərbaycanın büdcəsi 30 milyon dollar idi. 100 milyon dollar civarında isə ümumdaxili məhsul idi. Bu gün isə büdcəmiz 22 milyarddır. Bu göstərici də çox nadir hallarda baş verən hadisə idi. Ulu öndərimizin uğurlu iqtisadi strategiyasının nəticəsidir ki, hazırda Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Heydər Əliyev siyasətinin layiqli davamçısı prezident İlham Əliyevin təşəbbüsü ilə bu proses layiqincə davam etdirilir və ölkəmiz dünyaya inteqrasiya edir".

Daha sonra çıxış edən Asəf Hacıyev həmin dövrün beynəlxalq vəziyyətini analiz edib: "Ulu öndər Heydər Əliyevə qoyulmuş ən böyük heykəl bugünkü günümüzdür. Çünki bu gün biz sərbəst toplaşa və düşünə bilirik. İnsan üçün dünyada müstəqillikdən və sərbəstlikdən böyük heç nə yoxdur. Heç bir maddi varlıq onu əvəz edə bilməz. Ulu öndər ilk dəfə Azərbaycanda Mərkəzi Komitənin birinci katibi seçiləndə mən o vaxt Moskva Dövlət Universitetinin birinci kurs tələbəsi idim. O zaman qərb mətbuatında belə bir kiçik yazı getmişdi. "SSRİ-nin respublikalarından biri olan Azərbaycanda növbəti dəyişiklik baş verdi. Mərkəzi Komitənin birinci katibi dəyişdi". Hətta bu əhəmiyyətsiz dəyişiklik kimi də qeyd edilmişdi. Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan Sovet respublikalarından biri olaraq iqtisadi baxımdan çox geridə qalmışdı. Qısa zaman kəsiyində Azərbaycanda sənaye, kənd təsərrüfatı inkişaf etməyə başladı. O vaxta nəzər salsaq bu gün görərik ki, Azərbaycanda bütün nəhəng tikililər Heydər Əliyevin adı ilə bağlıdır. Bu insan böyük işlər görmək üçün yaranmışdı və öz xalqının mədəni mənəvi dəyərlərinə bağlı olan bir insan idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqının ən ağır gününə təsadüf etdi və bu hakimiyyət xalqa kömək məqsədi güdürdü. 1969-cu ildə iqtisadi cəhətdən geridə qalmış Azərbaycan Sovet Respublikasına Heydər Əliyev rəhbər gəldikdən sonra iqtisadiyyat inkişaf etməyə başladı. 1993-cü il müstəqil Azərbaycan dövləti artıq vətəndaş müharibəsi vəziyyətində idi. Vaxt var idi ki, Azərbaycan beynəlxalq təşkilatlarda iştirak etmək üçün təşəbbüs göstərirdi. Lakin bu gün həmin təşkilatların özləri Azərbaycanla əməkdaşlıq etmək üçün maraqlıdırlar. Ulu öndərin özündən sonra layiqli davamçı yetişdirməsi Onun ən böyük xidmətlərindən biri olub. Bu gün Azərbaycan Respublikasına rəhbərlik edən şəxs Heydər Əliyev siyasətinin davamçısı, həm də bu siyasətə yeni nəfəs gətirən cənab İlham Əliyevdir".

Tədbir ulu öndərlə bağlı xatirələr ətrafında müzakirələrlə davam edib.