\"Brainpool\" şirkəti \"Bakı Kristal Zalı\"nda fəhlənin yaralanması ilə bağlı açıqlama yayıb

2 May 2012 15:05 (UTC+04:00)
"Brainpool" şirkəti "Bakı Kristal Zalı\"nda fəhlənin yaralanması ilə bağlı açıqlama verib. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, Azərbaycanda keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsi üçün "Bakı Kristal Zalı"nda aparılan hazırlıqlar zamanı "Brainpool" şirkətinin səhnədə işləyən işçisi mayın 1-də xəsarət alıb. Hadisə arenada böyük taxta parçaları düşən zaman baş verib. Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb və ona tibbi baxış keçirilib. Yaralının qohumları dərhal hadisə ilə bağlı məlumatlandırılıb və o, hazırda özünü yaxşı hiss edir.

"Brainpool" şirkətinin rəhbəri Yorq Qraboş xəstənin tezliklə sağalması üçün çalışdıqlarını bildirib. "Hadisə araşdırıldı və belə nəticəyə gəlindi ki, bu, bütün təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq baş verib. Təhlükəsizlik bizim hər zaman əsas prioritetimiz olub", - deyə Yorq Qraboş bildirib.

Qeyd edək ki, baş vermiş hadisə nəticəsində Almaniya vətəndaşı, 1989-cu il təvəllüdlü Tulu Conotman Frendi xəsarət alıb.