Hadı Rəcəbli: “Hazırda müzakirəsi aparılan 3 qanun layihəsi gələcəkdə əlillərin sayının azalmasına xidmət edəcək”

2 May 2012 12:33 (UTC+04:00)

\"Uşaqlıqdan əlil olanların və əlilliyə görə əmək pensiyası alanların sayı 2010-cu ilə nisbətən 2011-ci ildə artıb\". SİA-nın xəbərinə görə, bunu millət vəkili Hadı Rəcəbli "Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. Azərbaycanda MDB ölkələrindən fərqli olaraq əlillərə maşın verildiyini və mənzil tikildiyini deyən H.Rəcəbli vurğulayıb ki, Qarabağ əlilləri 2 müavinət alır.

"Azərbaycanda 425 min əlil var, onlardan 61 mini uşaqdır. Hazırda həyata keçirilən və müzakirəsi aparılan 3 qanun layihəsi gələcəkdə əlillərin sayının azalmasına xidmət edəcək. Ailə Məcəlləsinə edilən dəyişikliyə görə nikaha girənlərdən əvvəlcədən tibbi arayışın istənilməsi gələcəkdə əlil uşaqların doğulma faizini aşağı salacaq. "Pasiyentlərin hüquqları haqqında" qanun layihəsində də xəstəliyin əlilliyə keçməsinin qarşısının alınmasını nəzərdə tutan əhəmiyyətli müddəalar yer alıb. "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna yeni müddəalar daxil olunması nəzərdə tutulur ki, bu da ərzaq məhsullarının, məsələn, unun, şəkərin, südün və digər ərzaqların dəmirlə, yodla zənginləşdirilməsi ilə bağlıdır", - deyə o əlavə edib.