Almaniya məhkəmələrində şəriət qaydaları - ARAŞDIRMA

1 May 2012 17:25 (UTC+04:00)

Almaniyanın ayrı-ayrı məhkəmələrində müxtəlif şəriət qaydaları müsəlman ölkələrindən gəlmələrlə bağlı işlərdə istifadə olunur. Təbii ki, bu zaman şəriətin ölkənin qanunları ilə ziddiyyət təşkil etməməsi əsas götürülür. Bunu Almaniyanın "Deutsche Welle" nəşri yazır.


Qəzet bildirir ki, Rusiyada şəriət məhkəmələrinin fəaliyyətə gətirilməsi məsələsi müzakirə olunmaqdadır. Nə qədər qəribə olsa da, Almaniyanın dünyəvi həyatında "şəriət" sözü yerli hüquqşünaslara heç də yad deyil. Əgər ölkə məhkəməsinə müsəlman kişi və ya qadın müraciət edirsə, işin xüsusiyyətindən asılı olaraq, onlara qarşı İslam dini hüququnun müxtəlif prinsipləri tətbiq edilə bilər. Əsasən mülkiyyət və boşanma məsələlərində həmin prinsiplərə istinad edilir.


Erlanqen Universitetinin professoru Matias Roe deyir ki, Almaniyada şəriət qanunlarının tətbiqi arealı əlbəttə, İran kimi fundamental İslam məmləkətləri ilə müqayisədə çox dardır. Onun sözlərinə görə, ölkədə məhkəmələr yerli hüquqi aktlarla ziddiyyət təşkil etməyən hər cür qanun pozuntularını araşdırmaqda hər hançı çətinlik çəkmir.


"Deutsche Welle" Almaniya məhkəmələri ilə bağlı daha bir məqama diqqət yetirir. Qəzet təbəssümüsünü gizlətməyən professor Roeyə istinadən bildirir ki, Almaniyada gəlmələrin mülkiyyət və boşanma məsələlərinə münasibətdə belə demək mümkünsə, vətəndaş hüququnun beynəlxalq qaydaları tətbiq edilir. Məsələn, iranlılara qarşı İranın, misirlilərə qarşı Misirin qanunvericiliyinə nəzərən məhkəmə prosesi qurulur. "Məhz bu zaman şəriət prinsiplərinə riayət olunur", - deyən professor da həmin prinsiplərin Almaniya qanunlarına zidd olub-olmadığının mütləq müəyyənləşdirildiyini vurğulayır.


Frankfurtdan olan hüquqşünas Sven Herhard da nəşrə açıqlamasında məhkəmələrin şəriət qaydalarına əsaslandığına dair onlarla misal çəkir. Bu misallardan biri xüsusən maraqlıdır. Sven Tunisdən olan və vətənlərində evlənmiş cütlüyün iki nəfərin şahidliyi ilə nigahını kəsən hakimin ədalətli yanaşdığını təsdiqləyən müxtəlif vəziyyətləri yada salır. İkinci halda isə Herhard Marakeşdən olan bir nəfərin ailə münaqişəsini xatırlayır. 2000-ci ildə baş vermiş bu hadisə zamanı məhkəmə boşandıqdan sonra ikinci arvada əmlakını vermək istəməyən marakeşlinin varının bir deyil, iki arvad arasında, özü də tam bərabər bölünməsinə dair qətnamə çıxarmışdı.


Almaniyada şəriət qaydaları ilə bağlı daha çox diqqət çəkən olay S.Herhardın fikrincə, 2011-ci ildə Münhendə yaşanıb. Bu şəhərdə baş tutan məhkəmə prosesində İran əsilli Almaniya vətəndaşı olan bir xanım İran vətəndaşlığını daşımış və dünyasını dəyişmiş ərinin əmlakına tamamilə sahib çıxmaq istəyib. Lakin məhkəmə mərhumun varının yalnız dörddə birini keçmiş həyat yoldaşına verib. Digər hissəsinin isə İranda yaşayan qohumlarına çatmasını məqsədə uyğun sayıb. S.Herhardın dediyinə görə, bu zaman Almaniya məhkəməsi məhz İranın qanunvericiliyinə əsaslanaraq hərəkət edib.


Amma Almaniyada istər siyasətçiləri, istərsə də ekspretləri narazı salan bir məsələ də var ki, o da miqrant-müsəlmanların əmlak bölgüsündə və başqa məsələlərdə rəsmi məhkəmə qərarlarına hörmətsiz yanaşmaları və özlərinin elan etdikləri arbitraj məhkəmələrinə üstünlük vermələridir. "Qanunuz məhkəmələr" kitabının müəllifi, televiziya jurnalisti və hüquqşünas Yoahim Vaqner bildirir ki, bu cür vasitəçilər xüsusən Berlin, Essen və Bremendə aktiv fəaliyyət göstərirlər. O bu yerlərdə Almaniyaya Livandan gələn kürdlərin böyük hissəsinin məskunlaşdığını vurğulayaraq onların tayfa struktunu saxladıqlarını və bütün konfliktləri öz dairələrində həll etməyə qərarlılıqlarını mənfi hal kimi önə çəkib. "Məni hər şeydən çox o narahat edir ki, Berlinin və Esenin bəzi rayonlarında miqrantların müəyyən hissəsi bizim hüquq sistemimizi ümumiyyətlə qəbul etmirlər", - deyən Vaqner eyni zamanda deyir ki, bəzi ekspertlər məhkəmədən kənar ədliyyəni heç də İslam fenomeni kimi qələmə vermirlər. Onların fikrincə, bu cür hallar daha çox Yaxın Şərqin tayfaçılıq strukturundan irəli gəlir.


Bütün bu məsələlərə diqqət yetirən "Deutsche Welle" nəşri onu da bildirir ki, hazırda Almaniya cəmiyyəti qarşısında duran vəzifələrdən biri müsəlman-miqrantlar arasındakı qeyri-rəsmi məhkəmələrin aradan qaldırılmasıdırsa, digər məqam onların cəmiyyətə inteqrasiyasının təminatıdır. İnteqrasiya məsələləri üzrə ekspert, ölkənin Xrisitian Demokratlar Partiyasının fraksiya üzvü Mixael Frizerin baxışları mövcud mənada diqqət çəkicidir. O təklif edir ki, məhkəmələrdə müsəlman vasitəçilər ştatı yaradılsın və bu vəzifədə çalışacaq insanlara xüsusi lisenziya verilsin, belələri ixtisaslaşma kursundan keçsinlər. "Mövcud qayda tətbiq edilsə, onlar fəaliyyətlərini qanuni şəkildə quracaqlar".


Maraqlıdır ki, Almaniya cəmiyyəti vətəndaşlığı olmayan şəxslərlə bağlı məsələlərə məhkəmədən kənar baxılmasına sərt reaksiya göstərir. Buna misal kimi Reynald-Falç ərazisinin ədliyyə naziri Yoxan Hartlofun fikirlərinə qarşı istər mediada, istərsə də ictimaiyyətin müxtəlif təbəqələrindəki açıq hiddətli münasibəti göstərmək mümkündür. Almanlar hər bir halda öz ölkələrində qanundan kənar nəyinsə olmasına razı deyillər. Görünür, məhz buna görədir ki, 2012-ci ildən Almaniyanın Ədliyyə Nazirliyində İslam hüququ ilə məşğul olacaq ayrıca ştat vahidinin formalaşdırılması nəzərdə tutulur./168.az/