Azərbaycan “Nabucco”dan kənarlaşdırılır?-TƏHLİL

1 May 2012 15:44 (UTC+04:00)

\"Nabucco\" kəməri ətrafında müzakirələr intensivləşir. Eyni zamanda, bu müzakirələr fonunda maraqlı və qəribə proseslərin getdiyi müşahidə olunmaqdadır. Macarıstanın baş naziri Viktor Orbanın ölkəsinin "Nabucco"dan geri çəkilməsi ilə bağlı verdiyi açıqlaması layihənin gerçəkləşəcəyi ilə bağlı şübhələri daha da artırıb. Orban Brüsseldəki çıxışında bildirib ki, "Nabucco"nun başı dərddədir. Macarıstan Neft-Qaz Kompaniyası (MOL) Avropa Birliyinin "Nabucco" layihəsindən geri çəkilir". Daha sonra MOL e-maillə məlumat yayıb ki, "Layihə ətrafında bəzi qeyri-müəyyənliklər hələ də qalıb ki, onlara məhəl qoymamaq çətindir". Qeyd edək ki, MOL "Nabucco"nun 6 partnyorundan biri idi.

Maliyyət xərcləri artır

Əslində, bu boru kəmərinin əsas məqsədi Rusiya dövlətinin və onun qaz nəhəngi olan "Qazprom" şirkətinin Avropa İttifaqının (Aİ) cənub hissəsinə təsirini azaltmaqdır. Mərkəzi və Şərqi Avropa ölkələrini təbii qazla təchiz etmək üçün tikiləcək "Nabucco" boru kəmərinin tam uzunluğu 3,300 km olmalıdır. Türkiyənin Ərzurum şəhərindən başlayan boru xətti öncə bu ölkənin, sonra isə Bolqarıstan, Rumıniya və Macarıstanın ərazilərindən keçərək nəhayət, Avstriyaya çatacaqdır. İlk öncə layihənin ümumi xərci təqribən 5 milyard avro dəyərində qiymətləndirilirdisə, indi layihənin 12-13 milyard avroya və ya daha baha qiymətə başa gələcəyi təxmin edilir. BP-nin rəyinə görə, "Nabucco" layihəsinin real qiyməti 14 milyard avrodur. Bahalanma boru düzəltmək üçün lazım olan xammalın qiymət artımı ilə bağlıdır.

Layihə bir neçə səbəbdən ləngidildi

Layihəyə hazırlıq 2002-ci ildən aparılır. Tikintiyə 2011-ci ildə başlamaq, 2014-cü ildə bitirmək planlaşdırılırdı. Hazırda istifadəyə verilmə vaxtı 2017-ci ilə keçirilsə də, bu boru kəmərinin reallaşacağı barədə sual hələ də açıq qalır.

İddialı başlanğıca baxmayaraq, layihə bir neçə səbəbdən ləngidildi. Birinci səbəb Türkmənistanın qazını nəql edən iki dövlətin Rusiya və İranın mövqeyi idi. Onlar Xəzər dənizinin hüquqi statusunun həll olunmamasına və ekoloji təhlükələrə istinad edərək boru kəmərinin çəkilməsinə etiraz etdiklərini bildirdilər. Digər səbəb Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən mübahisəli neft yatağı üstündə iki dövlət arasında münasibətlərin pisləşməsi idi. Üçüncü səbəb Xəzər dənizinin Azərbaycan sahəsində "Şahdəniz" qaz yatağının kəşf edilməsi oldu. Boru kəmərinin ildə nəql edəcəyi 30 milyard kubmetr qazın 5 milyard kubmetrini "Şahdəniz" yatağından hasil olunacaq qaza ayırması barədə Azərbaycanın xahişi Türkmənistan tərəfindən qəbul edilmədi.

Təbrizdən nəql edilə bilən İran qazı "Nabucco" üçün mümkün mənbələrdən biri sayılır. Lakin "Nabucco" üçün qazın Təbriz-Ərzurum xətti ilə çatdırılmasına ümid azdır. Müxtəlif siyasi səbəblər və İrana qarşı tətbiq edilən sanksiyalar üzündən bu ölkə Avropaya qaz təchizatı üçün kifayət qədər etibarlı tərəf sayıla bilməzdi. Bundan başqa, İranın özünə əlavə qaz lazımdır ki, onu da Türkmənistandan idxal edir. Baxmayaraq ki, İran təsbit olunmuş qaz ehtiyatlarına görə dünyada Rusiyadan sonra ikincidir (təqribən 28 trilyon kubmetr).


Hər şey Azərbaycanın qərarından asılıdır

Avropanın potensial qaz təchizatçılarının sayı çox olsa da, çox güman ki, reallıqda yalnız Azərbaycanın "Nabucco" boru kəmərinə yaxın gələcəkdə qaz vermək imkanı vardır. "Şahdəniz" yatağının böyük qaz ehtiyatlarına malik olması kəşf olunduğu vaxtdan etibarən bu qazı Türkiyəyə nəql edəcək Bakı-Tbilisi-Ərzurum boru kəmərinin tikintisinə başlamaq qərarı verildi. Bu qərar eyni zamanda "Nabucco" layihəsinin başlanğıc nöqtəsi sayılır.

Avropa Komissiyasının təmsilçisi Marlen Holzner Brüsseldə keçirilmiş brifinqdə bildirib ki, "Nabucco" qaz kəmərinin və "Cənub dəhlizi"ndəki başqa qaz nəqliyyat sistemlərinin gələcəyi Azərbaycanın qərarından asılıdır: "Avropa İttifaqı bu qərarın bir neçə aya veriləcəyini gözləyir. Yaxın aylarda Azərbaycan hansı qaz kəmərini seçdiyini bildirəcək. \"Nabucco\" qaz kəməri onlardan biridir". O, həmçinin Macarıstanın MOL şirkətinin "Nabucco" qaz kəmərinin tikintisində iştirakdan imtinasını şərh edib.

"Nabucco"nun qısaldılmış variantı

Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzeti isə Aİ-dəki diplomatik qaynaqlara istinadən yazıb ki, hazırda "Nabucco"nun qısaldılmış variantı olan "Nabucco West" üzərində müzakirələr gedir. Bir müddət əvvəl "Nabucco" konsorsiumu layihənin olduqca baha başa gəlməsi, üstəlik, kifayət qədər qaz mənbələri tapılmaması üzündən kəmərin uzunluğunu iki dəfə qısaltmaq qərarına gəlib. Yeni varianta görə, "Nabucco" Xəzərin Azərbaycan sahillərindən yox, Türkiyə-Bolqarıstan sərhədlərindən başlamalı və Avstriyaya qədər uzanmalıdır. Bildirilir ki, Aİ-də aparılan müzakirələrdə belə qənaətə gəlinib ki, bu layihənin həm müsbət, həm mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, "Nabucco"nun yeni variantı daha ucuz başa gələcək, lakin mənfi tərəfinə görə, yeni variantda kəmər Avropa bazarlarına Rusiyanın inhisarını aradan qaldırmaq üçün kifayət qədər qaz nəql edə bilməyəcək. Qəzet ARDNŞ vitse-prezidenti Vaqif Əliyevə istinadən yazır ki, Azərbaycan bu marşrutla ildə 10 milyard kubmetr qaz nəql etmək imkanına malikdir.

İstənilən halda, "Nabucco" reallaşacaq

"Nabucco" irimiqyaslı və iddialı layihədir və həyata keçirilərsə Xəzər regionunda yerləşən qaz istehsalçılarını Avropadakı istehlakçılar ilə əlaqələndirəcəkdir. "Nabucco" konsorsiumunun qurulmasına və onun boru kəmərin inşasına başlamaq niyyətinə baxmayaraq, layihə icradan hələ xeyli uzaqdır. İlk növbədə boru kəmərini dolduracaq qazın hansı istiqamətdən gəlməsi aydın deyildir. Layihənin icrasında əsas problemlərdən biri layihəyə vahid yanaşmanın olmamasıdır. İlk gündən əksər ekspertlərin qənaəti, həmçinin müşahidələrdən əldə olunan nəticə budur ki, istənilən halda, "Nabucco" reallaşacaq. Sadəcə, geci-tezi var. Çünki birincisi, Avropanın enerji təhlükəsizliyinin yaxın perespektivdə tam həlli həm də bu kəmərdən asılıdır, o səbəbdən ki, Aİ ölkələrinin əksəriyyəti tezliklə nəinki Xəzər regionundan, Orta Asiya, İraq, belə getsə, habelə İrandan da qaz almaq məcburiyyətində qalacaqlar. İkincisi, qaz sarıdan Avropa bazarına çıxmaq uğrunda hər bir ölkənin öz marağı olduğundan, onlar arasında istər-istəməz kəskin ziddiyyət yaranır ki, bu da bir neçə kəmər tikintisinə ehtiyac olduğunu əyani göstərir. Məsələn, Orta Asiya ölkələrinin Rusiya ilə münasibətdə iqtisadi deyil, siyasi maraqları bunu tələb edir. Və ən nəhayət üçüncüsü isə, ölkəmizin qaz ehtiyatı potensialının özü də əlavə qaz kəmərinə ehtiyac olduğunu göstərir. Belə ki, "Şahdəniz"dən əlavə, Avropa bazarına ixrac etmək üçün kifayət qədər ehtiyatımız vardır. Təkcə adı çəkilən yataqdan Avropa bazarına 10 milyard kubmetr qaz çıxartmaq planlaşdırılır. 2020-2025-ci illər ərzində isə ildə 50-55 milyard kubmetr qaz hasil edəcəyik.