Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Quba şəhərində gənclərə könüllülük biliklərinin aşılanması istiqamətində təlim keçirəcək. AGAT-dan SİA-ya verilən məlumata görə, təlimin hədəf qrupu Quba və Xaçmaz gənclərindən ibarətdir. Əsas məqsəd vətəndaş cəmiyyətinin inkişafında əsaslı istiqamət könüllülük bacarıqları barədə məlumat vermək, komanda işi, könüllülərlə iş prinsiplərinin aşılanmasıdır.
Məlumat üçün bildirək ki, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) aprel ayından başlayaraq Quba-Xaçmaz regionunda "Gənclərin Liderlik Proqramı" çərçivəsində təlimlərə start verilib. Qeyd edək ki, təşkilatın prioritetlərindən irəli gələrək cari ilin oktyabr ayına kimi Milli Demokratiya İnstitutunun maliyyə dəstəyi Quba-Xaçmaz regionunda Gənclər üçün liderlik proqramını həyata keçirəcək. Eyni zamanda layihə çərçivəsində gənclər üçün Yay Düşərgəsinin keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, iştirakçılar əsasən Quba, Xaçmaz və digər ətraf rayonlardan olması nəzərdə tutulub.