Bu gün "Təzyiq altında irs – şəhərlərin tarixi landşaftının perspektivləri" mövzusunda beynəlxalq konfransın açılışı olub. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin məşvərətçi orqanları olan İCCROM və İCOMOS-un təşkilatçılığı ilə keçirilən konfrans məhv olmaq təhlükəsi ilə üzləşən və ya münaqişə zonasında olan mədəni irs abidələrinin qorunmasına həsr olunub.
Konfransın açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətin mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində aktiv siyasət yürütdüyünü deyib. Nazir qeyd edib ki, bu gün işğal altında olan Azərbaycan torpaqlarında qalmış abidələr məhv edilir, mənimsənilir, tarixi tikililərdə heyvan bəslənir.
Nazir Bakıda erməni kilsəsinin qorunduğunu, Ermənistan katalikosunun Azərbaycana səfəri zamanı kilsəyə baş çəkdiyini deyib: "Azərbaycanda müxtəlif millətlər dinc yaşayır və öz adətlərini qoruyurlar. Burada təəccüblü bir şey yoxdur, bu bizim ənənəmiz, həyat tərzimizdir".
\"İçərişəhər\" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov mədəniyyət abidələrinin qorunmasının çox aktual olduğunu bildirib. O, \"İçərişəhər\" Dövlət Tarix-Memarlıq Qoruğunun qorunmasını bu istiqamətdə mühüm addım adlandırıb. Mikayıl Cabbarovun sözlərinə görə, Kazandan gələn nümayəndə heyəti İçərişəhərin nümaunəsində abidələrin qorunması təcrübəsini öyrənir.
Qeyd edək ki, konfrans aprelin 29-da başa çatacaq.