Emin Ağalarov, Safura Əlizadə, Eldar və Nigar, Ani Lorak, Anri Joxadze və Diana Qurtskaya Milli Parkda çıxış edəcək

26 Aprel 2012 13:22 (UTC+04:00)

Aprelin 29-u Dənizkənarı Milli Parkda açıq havada Eurovision Mahnı Müsabiqəsi ərəfəsində möhtəşəm konsert olacaq. SİA-nın məlumatına görə, bu ilki müsabiqənin Azərbaycandakı rəsmi Fan Klubunun təşəbbüsü ilə keçiriləcək konsert proqramının əsas məqsədi yarışma ərəfəsində əhalini müsabiqənin ruhuna kökləmək, müsabiqəyə marağı daha da artırmaqdır.


Fan Kluba dəstək məqsədilə keçirilən konsertdə Emin Ağalarov, Azərbaycanı Eurovision 2010-da təmsil edən Safura Əlizadə, Eurovision 2011-in qalibləri Eldar və Nigar, eləcə də digər tanınmış müğənnilər çıxış edəcək. 19.00-da başlayacaq konsertdə həmçinin Gürcüstanı Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edəcək Anri Joxadze, Ani Lorak və Diana Qurtskaya kimi ulduzların iştirakı nəzərdə tutulur. Murad Dadaşovun aparıcılığı ilə keçiriləcək şouya giriş sərbəst olacaq və iştirakçılara müxtəlif hədiyyələr təqdim ediləcək.