Ermənistanda xalq üsyanı qapıya dayanıb-TƏHLİL

25 Aprel 2012 16:40 (UTC+04:00)

Bunu biz söyləsək, Ermənistana qara yaxırlar, deyəcəklər. Amma artıq gerçək o qədər açıq-aşkar ortadadır ki, ermənilər belə bunu etiraf etmək məcburiyyətində qalıblar. "Yeni zaman" partiyasının lideri Aram Karapetyan keçirdiyi mətbuat konfransında ölkədəki son durumu şərh edərkən belə deyib: \"Serj Sarkisyan Ermənistandakı sosial-iqtisadi vəziyyətin kritik həddə yaxınlaşdığını dərk etməyə başlayıb və hər şey ölkədə xalq üsyanından xəbər verir. İqtidar ölkədə yaranan vəziyyətin son həddə olduğunu gizlətmir, ancaq vəziyyətin yaxşılaşdırılması istiqamətində hər hansı bir addım atmağa təşəbbüs göstərmir. Hökumətin genişmiqyaslı islahatlar həyata keçirəcəyi də inandırıcı görünmür. Ermənistanda inqilaba hər an ehtiyac duyulur".

Ermənistan cəhənnəmə dönüb

Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan Kotayk vilayətinin Qarni kəndində seçki öncəsi kampaniyada çıxışı zamanı Ermənistanda hazırkı vəziyyəti dəyərləndirərkən Ermənistan cəhənnəmə döndüyünü deyib: "Ölkənin şəhər və kəndlərində yaşayan əhalinin 98 faizi yoxsulluq içərisində boğulur. Ən ciddi beynəlxalq ekspert rəylərinə görə, Ermənistanın büdcəsi 7,5 milyard dollar olmalıdır. Başqa cür desək, Serj Sarkisyan, Tiqran Sarkisyan onlaradək isə Robert Koçaryan xalqın hər il 5 milyardını oğurlayır".

Ter-Petrosyan 1998-ci ildən bu günədək Ermənistanı 1 milyondan artıq insanın tərk etdiyini bildirib: "Stalin vaxtilə zorla insanları Yakutsk, Altay və Sibirə sürgün edirdi. İndi isə Serj Sarkisyan əhalini elə bir həddə salıb ki, onlar könüllü şəkildə babalarımızın olduğu ərazilərə sürgünə gedirlər. Robert Koçaryan və Serj Sarkisyan özləri Ermənistanı tərk etməyəcəkləri təqdirdə problem həllini tapmayacaq".

Müxalifət həyəcan təbili çalır

Ötən ilin son göstəricilərinə görə, bu ölkədə 2 milyon 871 min 509 insan var. Ermənistanın Milli Statistika xidmətinin hesablamalarına əsasən, ölkə əhalisi xaricdə məskunlaşmış insanlar da daxil olmaqla, 3 milyon 285 min 767 nəfər təşkil edir.

Qeyd edək ki, 10 il əvvəl Ermənistanda əhalinin siyahıya alınmasının nəticələrinə əsasən bu ölkədə əhalinin sürətlə azaldığını söyləmək olar. Rəsmi məlumata görə, son 10 il ərzində Ermənistan əhalisi 173 min nəfər, yəni 12,6 faiz azalıb. Əhalinin 12,6 faizi isə ölkəni tərk edərək xaricə üz tutub.

Onu da bildirək ki, bu göstərici rəsmi qurumların açıqladığı rəqəmlərdir. Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları isə ölkəni tərk edən insanların sayının daha da çox olduğunu bildirirlər. Vəziyyət hətta o həddə çatıb ki, Ermənistan müxalifəti bu ölkənin boşalacağını proqnozlaşdıraraq həyəcan təbili çalır.

Ölkəni tərk edənlər cəmiyyətin qaymaqlarıdır

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaq siyasəti onun iqtisadiyyatının inkişafına çox böyük maneə yaradır. Rusiya və İran kimi regional qüvvələr, həmçinin diaspora tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan iqtisadiyyatının məhv olmasının qarşısını almaq mümkün deyil. Ermənistan əhalinin həyat səviyyəsini artırmaq üçün uzun müddətli iqtisadi plan hazırlamalıdır. Ölkənin mühüm struktur problemləri var və buna görə də ölkə daha çox ticarət əlaqələri saxlamalıdır. Lakin ticarət etmək Azərbaycan torpaqlarını işğal etməyə bənzəmir.

Ötən 3 ay ərzində isə 45 min insanın ölkəni tərk etməsi iddia olunur. Bu rəqəmlərin hansı səviyyədə olmasından asılı olmayaraq, münaqişənin başladığı 2 onillik ərzində əhalinin Ermənistanı kütləvi şəkildə tərk etməsi açıq şəkildə görünür. İnsanlar özlərinə daha yaxşı iş və yaşayış şəraiti axtarır. Ən əsası isə budur ki, ölkəni tərk edənlər içərisində yüksək ixtisaslı insanlar, cəmiyyətin qaymaqları üstünlük təşkil edir.

Üsyan sürpriz olmaz

Ermənilər 100 ildən çoxdur ki, \"Böyük Ermənistan\" xəyalının arxasınca gedir. Bu xəyal üçün imperialistlərin "qazı" ilə tarixlərindəki ən xoşbəxt günlərini yaşadıqları Osmanlı dövlətinə qarşı üsyan etdilər, uşaq, gənc, qoca demədən türkləri qılıncdan keçirdilər. Nəticədə dəmyə düyüyə gedərkən evdəki yarmadan oldular. Dinc və sülh içərisində yaşadıqları bölgədə, çörəyini yedikləri qonşularına xəyanət etdilər. Çox güvəndikləri Rusiyanın qanadları altına sığınıb onun quluna çevrildilər. Hər nə qədər, Ermənistan rəhbərliyi xalqının aclığını diaspordan axan pullarla və "soyqırımı" plovu ilə doyuzdurmağa çalışsa da, artıq cidanıçuvalda gizlətmək olmur. Qarını tox, ən məsud zamanlarında nankorluq edib torpaqlarımızı işğal edən, günahsız insanları qətlə yetirən ermənilər aclığa daha nə qədər dözə biləcək? Yaxın günlərdə Şimal Afrika və Orta Şərqi qovuran xalq üsyanları Ermənistanda da başlasa, heç kəs üçün sürpriz olmaz. Bunu biz deyil, \"özləri\" söyləyir.

Dəyirmanın suyu

Hazır yeri gəlmişkən, tez-tez qulaqlarını çınlatdığımız erməni diasporunun maddi gücünü konkret olaraq ortaya qoymaq üçün bir nümunə verək. Amerikanın Forbes jurnalının dərc etdiyi siyahıda dünya milyarderləri arasında 5 erməni var. Dünyanın ən zəngin ermənisi Kirk Kerkoriyanın sərvəti 3.5 milyard dollar olaraq hesablanır. Kerkoriyan "Forbes" jurnalının milyarderlər siyahısında 310-cu yerdədir. "RESO-Garantia" firmasının sahibləri Sergey və Nikolay Sarkisof (833-cü yer) və Rusiyanın ən böyük sığorta şirkəti "Rosqosstrax" (RGS) şirkətinin qurucusu Daniel Xaçaturovun sərvətləri ayrı-ayrılıqda 1.5 milyard dollardır. Siyahıda 879-cu yerdə qərarlaşan "Tashir" Groupun qurucusu Samvel Karapetyanın sərvəti isə 1.4 milyard dollardır.