Şarl Aznavur Ermənistan rəhbərliyini ələbaxım adlandırdı

24 Aprel 2012 21:29 (UTC+04:00)

Tanınmış erməni mənşəli Fransa şansonyesi Şarl Aznavur Ermənistanı diasporanın maliyyə yardımına həddən çox ümid etməkdə və israfçılıqda suçlayıb. SİA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Aznavur Los-Anjelesdə "Atmenia TV"-nin nümayəndəsinə deyib ki, erməni xalqı və Ermənistanın rifahı üçün bütün ermənilər çalışmalıdır.


Aznavur tarixi vətənində yaşayan soydaşlarını ittiham etməkdən, onların paxırını açmaqdan çəkinməyib: "Ermənilərin əlini cibinə aparmaqla arası yoxdur. Mən ömür boyu işləyib pul verə bilmərəm. Mən verirəm, hər il verirəm. Mən öləndən sonra kim verəcək? Kim evlər tikəcək, uşaqlar üçün məktəb tikəcək? Mən deyirəm, qoy ermənilər hər ay, hər il heç olmasa 5 dollar ayırsınlar. Eləmirlər. Simiclik edirlər. Yadlar eyləyir, onlar sevinirlər, yeyib içib, kef edirlər. Bu, düzgün deyil".


Qeyd edək ki, 88 yaşlı Şarl Aznavur İsveçrədə Ermənistanın səfiri olaraq, dəfələrlə Ermənistan rəhbərliyinin siyasətini tənqid edib.