Sarkozinin ermənilərə üç yalanı və ya atmaq növbəsi Ollandındır - TƏHLİL

24 Aprel 2012 17:47 (UTC+04:00)

Fransada prezident seçkisinin ilk turunda məğlubiyyətlə üzləşən və kürsüsü ilə vidalaşacağı proqnozlaşdırılan dövlət başçısı Nikola Sarkozinin qondarma "erməni soyqırımı" qurbanlarının anım mərasimində iştirakı sıradan bir olay deyil. Onun geridə qalan 5 illik prezidentliyi dönəmində ilk dəfə gündəmə gətirdiyi məsələdə diqqət çəkən məqamlar var. Bəli, söhbət Sarkozinin aprelin 24-də Parisdəki Yerevan parkında ucaldılmış abidəni ziyarətindən gedir. Beləcə artıq "eks" adlandırılmağa namizəd prezident ermənilərə yönələn daha bir ilkə imza atır. Onun 2007-2012-ci illərdə ermənilərlə bağlı ilklərinin sayı isə çoxdur.


N.Sarkozinin hakimiyyətdə olduğu dövrdə ermənilərdən faydalanması birdəfəlik istifadə üçün nəzərdə tutulan əşyalarla sonrakı rəftara da bənzəyir. İş ondadır ki, bu əşyaları bir qayda olaraq zibil qabına atırlar. Fransa prezidenti obrazlı desək, "iyrənmədən" həmin qabı eşələyib və atdığını axtarıb. Tapıb, istifadə edib və yenidən atıb. Ən maraqlısı isə Sarkozinin dəfələrlə atdığından, yəni "erməni kartı"ndan son ana, daha doğrusu prezidentliyinin son nəfəsinədək əl çəkməməsidir. Mövcud mənada siyasətçinin "məharətinə" heyran qalmamaq sadəcə mümkünsüzdür.


İndiki vəziyyətdə prezident seçkisinin ilk turunda rəqibi Sosialist Partiyasının lideri Fransua Ollanda məğlub olan N.Sarkozinin Fransada sayı yarım milyona çatan erməni icmasına ümid bəsləməsi haradasa dəryada boğulanın saman çöpündən yapışmasına bənzəyir. O, özünü sentimental göstərir və elə fon yaradır ki, guya "soyqırım"ın təbliğinə həssaslıqla yanaşır. Əslində isə məsələ yalnız spekulyativ xarakter daşıyır.


Fikrimi isbatlamaq üçün bir neçə məqama diqqət çəkmək istərdim. Əvvəla ondan başlayım ki, Fransada prezident seçkisi qondarma soyqırımın ildönümünə 2 gün qalmış baş tutub. Qeyd etdiyimiz kimi, sosialist Olland hazırkı dövlət başçısını qabaqlayır. Seçkidə ikinci tur mayın 6-da baş tutacaq və mövcud situasiyada Sarkozinin anım mərasimində iştiraka qərar verməsində yalnız siyasi məqsədlər duyulur. Bir daha nəzərə alaq ki, belə bir anım gündəmə onun prezidentliyi dönəmində ilk dəfədir, gəlir.


Fransanın Milli Məclisi 2006-cı ilin oktyabrında da inkara görə cəza qanununu qəbul etmişdi. Cavab olaraq qurum Türkiyə və Azərbaycandan ciddi təpkilərlə üzləşmişdi. Həmin vaxt prezidentliyə namizəd olan N.Sarkozi söz vermişdi ki, əgər dövlət başçısı postuna seçilsə, "erməni soyqırımı"nı dananların məsuliyyətə cəlbini nəzərdə tutan qanunun qəbulunu reallaşdıracaq. Ermənilər namizədin sözünə inandılar. Beləcə, onun 2007-ci ilin mayında prezident seçilməsində fəal rol oynadılar. Amma bir il sonra Fransa Senatı ermənilərin rəsmiləşməsini səbirsizliklə gözlədikləri iki il öncəki qanun layihəsini ləğv etdi. Demək, Sarkozinin ermənilərə münasibətdə ilk kələyi gerçəkləşdi.


2011-ci ilin payızı. Sarkozi yenə də "erməni kartı"nı dövriyyəyə buraxır. Bu dəfə Ermənistanda. Yerevanda səfərdə olan dövlət başçısı bildirir ki, əgər Türkiyə "erməni soyqırımı"nı tanımasa, Fransa 1915-1923-cü illərdə baş verənləri dananların 1 il müddətinə həbsə atılmasını və 45 min avro cərimələnməsini nəzərdə tutan qanunu qəbul edəcək. Əvvəlkindən fərqli olaraq, oyun daha dərindən qurulur. Milli Məclis "ideyanı" qanun kimi dəstəkləyir. Daha sonra sənəd Senatdan keçir. Halbuki 2008-ci ildə məsələ bu qədər uzanmamışdı.


Yenə də Türkiyə və Azərbaycan tərəfindən kütləvi etirazlar başlanır. Senatın bir qrup deputatı ölkənin Konstitusiya Şurasına müraciət ünvanlayaraq mənfur qanunun ləğvini istəyir. Şura sənədin ölkə konstitusiyasına zidd olduğuna dair qərar çıxarır. Sakozinin ermənilərə vədi yerinə yetmir. Bu da ikinci yalan.


Lakin N.Sarkozi inadından, yəni məhz 22 aprel tarixinə hesablanmış gedişindən dönmür. Konstitusiya Şurasının qərarından dərhal sonra bildirir ki, hökumətə yeni qanun layihəsi hazırlamaq barədə göstəriş verib. Layihənin tez-tələsik ərsəyə gəlməsi mümkündür. Amma bir məsələ var ki, Sarkozinin səsləndirdiyi fikirdən cəmi bir neçə gün sonra Fransa Senatı istirahətə çıxırdı və prezident bunu bilməmiş olmazdı. Bu da yalanın üçüncüsü.


Nəhayət, Fransada prezident seçkisinin ikinci turu. Sarkozi yenə də ermənilərdən əl çəkmir. Daha doğrusu, "erməni kartı"nın necə deyərlər, suyunu sıxır. Amma yaddan çıxarılmamalıdır ki, Olland da ermənilərə yönəlik jest edib. Dəfələrlə bildirib ki, Türkiyənin "erməni soyqırımı"nı tanıması vacibdir. Hətta bir qədər siyasiliyə vararaq Fransanın Konstitusiya Şurasının inkara görə cəza qanununu ləğv etməsini Sarkozi hakimiyyətinin səriştəsizliyi kimi dəyərləndirib.


Görünür, ermənilər də Sarkozini ya bacarıqsız saydılar, ya da hesab etdilər ki, bəstəboy prezidentin bacarığı kələkbazlıqlar üzərində qurulub. Əks halda çox güman, onu qalib edərdilər. Tarixən paz olub Fransanın canına keçdiklərini nəzərə alsaq, prezident seçkisi tək mühüm proseslərə hər cür təsir imkanlarının mövcudluğu bəllidir. Deməli, indi atmaq növbəsi ermənilərindir. Ermənilərə atmaq növbəsi isə çox güman, F.Ollanda keçəcək.


Əvəz RÜSTƏMOV