İsmət Abasov: \"Fermerlərə verilən subsidiyaların məbləği artırıla bilər\"

20 Aprel 2012 11:37 (UTC+04:00)
Azərbaycan hökuməti fermerlərə subsidiyaların verilməsinə yenidən baxa bilər. SİA-nın xəbərinə görə, bunun kənd təsərrüfatı naziri İsmət Abasov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, fermerlərə verilən subsidiyaların məbləği artırıla bilər: \"Burada subsidiyalarda əsasən verilmə mexanizminin dəyişdirilməsi təklif olunur. Bu o demək deyil ki, subsidiyaların həcmi azaldılacaq. Əksinə, ola bilsin, artırılsın. Bu, təkcə Kənd Təsərrüfatı Nazirliyindən asılı olan məsələ deyil, müvafiq qurumlar da bu məsələyə baxmalıdır. Müzakirələrdən sonra yekun nəticə bəlli olacaq.".


Nazir qeyd edib ki, fermerlərə subsidiyaların digər formada verilmə mexanizmi də nəzərdən keçirilir: \"Fermerlərə subsidiyaların nağd vəsait şəklində deyil, həmin vəsait həcmində gübrə şəklində verilməsi də təkliflər sırasındadır. Hazırda Azərbaycanda gübrədən istifadə aşağı səviyyədədir ki, bu da məhsuldarlığın aşağı olmasına gətirib çıxarır. Belə ki, hazırda ölkədə gübrəyə olan tələbatın cəmi 10 faizi istifadə olunur. Fermerlər gübrələri tələbata uyğun istifadə etmir".