Boksçularımızın rəqibləri məlum olub

16 Aprel 2012 10:13 (UTC+04:00)

Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat yarışlarının püşkü atılıb. Boks Federasiyasının mətbuat katibliyindən Siasport.az idman portalına verilən xəbərə görə, 49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz Salman Əlizadə ilk görüşünü Almaniyanı təmsil edən Hamza Toubaya qarşı keçirəcək. Boksçumuz qalib gəlsə, 1\4 finalda Ferhat Pehlevan (Türkiyə) – Denis Şkarubo (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq. Məhəmməd Abdulhəmidov (56 kq) ilk qarşılaşmada Kristian Nagy ilə (Macarıstan) üz-üzə gələcək. Millimizin üzvü növbəti mərhələyə yüksəlsə, Mixal Zatorski (Slovakiya) – Denis Makarov (Almaniya) cütünün qalibi ilə döyüşəcək. Makarov 2010-cu ildə Moskvada keçirilmiş Avropa çempionatının qızıl medalçısı olub. Ən çətin püşk 60 kq-da yarışacaq Elvin İsayevə düşüb. Boksçumuz birinci mərhələdə Aleksandru Çuçiureanunu (Rumıniya) məğlub etsə, ikinci döyüşdə türkiyəli Fatih Keleşlə qarşılaşa bilər. Keleş Ankaradakı Avropa çempionatında da İsayevlə döyüşmüş və hakimlərin köməyi ilə bir xal fərqlə qalib gəlmişdi. 3-cü mərhələdə isə həmyerlimizin potensial rəqibi dünya və Avropa çempionu Albert Səlimovdur. Tamerlan Abdullayev (69 kq) ilk qarşılaşmada bolqarıstanlı Simieon Çhamovla münasibətlərini aydınlaşdıracaq. O, qələbə qazansa, 1\4 finalda Tomaş Kot (Polşa) – Adam Nolan (İrlandiya) cütünün qalibi ilə döyüşəcək. 81 kq çəki dərəcəsində yarışan Vətən Hüseynli ilk qarşılaşmada ispaniyalı Abner Loverasla üz-üzə gələcək. 1\4 finalda isə həmyerlimizin rəqibi erməni Artur Xaçatryan ola bilər. Bunun üçün Xaçatryan Mateuş Triçi (Polşa) üstələməlidir.