Sumqayıtın iki gənclər təşkilatı birgə əməkdalığa dair müqavilə imzaladı

16 Aprel 2012 09:55 (UTC+04:00)

Sumqayıtda İnsan Hüquqları üzrə Təlim və Resurs Mərkəzində "Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" və "Gənclərin Həmrəyliyi" ictimai birlikləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Birlikdən SİA-ya verilən xəbərə görə, imzalanmadan öncə "Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" ictimai birliyinin sədr müavini Elnur Ağayev təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək perspektivlərdən danışıb. O, birliyin əsas məqsədinin Sumqayıtda vətəndaş cəmiyyətinin formalaşmasında icmaların fəallığının artırılmasına, gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirakına yardım göstərməkdən ibarət olduğunu nəzərə çatdırıb.

Müqavilədə əks olunan əməkdaşlıq ediləcək sahələrdən isə "Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" ictimai birliyinin sədri Ramiz Zeynallı söz açıb. O, bu əməkdaşlığın gənclərin inkişafı prosesinə dəstək verəcəyini və onların sosial ehtiyaclarının qarşılanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra hər iki təşkilatın rəhbərləri "Birgə fəaliyyət və əməkdaşlığa dair" müqavilə imzalayıblar. Sonda auditoriyanı maraqlandırılan suallar cavablandırılıb.