Milli Məclisin deputatları aprelin 16-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, millət vəkilləri Rüfət Quliyev, Hacı Salayev, Adil Əliyev, Rasim Musabəyov və İqbal Məmmədov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak edəcəklər.
Siyasi məsələlər və beynəlxalq
əməkdaşlıq üzrə daimi komissiyasının gündəliyinə MDB PA-nın 20 illik yubileyi,
MDB-yə üzv dövlətlərdə keçirilən prezident, parlament seçkilərində,
referendumlarda qurumun müşahidəçilərinin rolu, analitik məlumat mərkəzinin işi
barədə və digər məsələlər daxil edilib.
Hüquqi məsələlər daimi komissiyasında "Məhkəmə öncəsi mübahisələrin həllində
vasitəçilik barədə", "Kommersiya sirri haqqında" model qanun layihələri, MDB
PA-nın model qanunvericilik aktlarının və tövsiyələrin hazırlanması haqqında
Əsasnamədə əlavələr və dəyişikliklər edilməsi, quruma üzv dövlətlər üçün hüquqi
terminologiya lüğətinin layihəsi ilə bağlı müzakirələr aparılacaq.
Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının yığıncağında MDB PA-ya
üzv dövlətlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi,
telekommunikasiya şəbəkələrinin istismarının hüquqi tənzimlənməsi, antiterror,
ekstremizm, insan alverinə qarşı, korrupsiya ilə mübarizə sahələrinə aid milli
qanunvericiliyin təkmilləşdirilməsi və model qanunların hazırlanması məsələlərinə
baxılacaq.
Deputatlar komissiyalarda müzakirə olunacaq məsələlər barədə çıxış edəcək, öz fikirlərini bölüşəcəklər. Səfər aprelin 20-də başa çatacaq.