Magistral qaz kəmərində güclü partlayış olub - ÖZƏL

13 Aprel 2012 23:52 (UTC+04:00)

Bakı-Qazıməmməd-Mozdok magistral qaz kəmərində 23:00 radələrində güclü partlayış baş verib. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, hadisə kəmərin Şamaxının Pirqulu və Qızmeydan kəndləri arasından keçən sahəsində baş verib. Kəmərdə alov 250 metrdən də yuxarı qalxıb. Qaz sızması nəticəsində baş verdiyi ehtimal edilən partlayış Ağdərə kəndi ərazisində olub. Yanğın böyük ərazini əhatə edir.


Partlayışın səsi ətraf rayonlarda eşidilib. Bu rayonlardan alovu görmək də mümkündür.


Yanğın meşə massivinə yaxın ərazidə olub. Hadisənin dağlıq ərazidə baş verməsi əraziyə quru nəqliyyatının keçməsini çətinləşdirir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələri cəlb olunub. Qazın nəqli hələ də dayandırılmayıb. Qeyd edək ki, Ağdərə kəndi Xızıdan 70 kilometr aralıda, dağlıq ərazidə yerləşir. Bu da texnikanın hadisə yerinə tez bir zamanda çatmasına əngəl törədir.


Emin KƏRİMOV