Dövlət başçısı YAP Ağstafa rayon Təşkilatının yeni inzibati binasının açılışında iştirak edib

12 Aprel 2012 17:39 (UTC+04:00)
Aprelin 12-də Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə məlumat verilib ki, YAP Ağstafa rayon təşkilatının yeni inzibati binası şəhərin Heydər Əliyev prospektində inşa edilib. Təşkilatın ikimərtəbəli binasının ümumi sahəsi 450 kvadratmetrdir. Binanın birinci mərtəbəsində partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin və Prezident, YAP-ın sədri İlham Əliyevin fəaliyyətlərini, Ağstafa rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.Binanın ikinci mərtəbəsində müxtəlif tədbirlərin keçirilməsi üçün 50 yerlik konfrans zalı yaradılıb. Binanın inzibati bölməsində işçilərin səmərəli fəaliyyəti üçün geniş imkanlar vardır. Burada İKT-nin ən son nailiyyətlərindən istifadə edilib.
YAP Ağstafa rayon təşkilatının yeni inzibati binasında yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.