Asim Mollazadə üç orta məktəbi ziyarət edib

11 Aprel 2012 22:10 (UTC+04:00)
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deputatı olduğu Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 151, 35 və 164 saylı orta məktəbləri ziyarət edib. Partiyanın mətbuat xidmətindən SİA-ya daxil olan xəbərə görə, millət vəkili məktəblərdə təhsilin səviyyəsi, təhsil işçilərinin problemləri ilə maraqlanıb, sözügedən məktəblərin binalarında aparılan təmir işləri ilə yaxından tanış olub. Mövcud problemlər, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, keyfiyyətli təhsilin verilməsi ilə bağlı məktəblərin müdiriyyəti ilə fikir mübadiləsi aparıb.


Asim Mollazadə təhsil islahatlarının aparılması, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi, müəllimlərin əmək haqlarının artırılması ilə bağlı vaxtaşırı Milli Məclisdə məsələ qaldırdığını, bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib.

Millət vəkili, həmçinin Nəsimi rayonunda yerləşən digər məktəblərə də baş çəkəcək.